Mingəçevir deyəndə adamın ağlına Kür gəlir, elektrik stansiyası gəlir, hətta Yevlax da gəlir. Ancaq Aydın Mirzəzadə adamın ağlından sürətlə ötüb keçir.
Ha fikirləşirsən, yadına başqa məsələlər də düşür, elə ki, Aydın Mirzəzadəni xatırladın, onda da deyirsən, əşşşi.
Bu mənada, onu xatırlamaqla xatırlamamaq arasında heç bir fərq yoxdur. Obrazlı desək, Aydın Mirzəzadə siyasətdə iştirak edir, amma siyasət onun çıxışlarında iştirak etmir.
Deyərdim, Azərbaycanda Siyavuş Novruzovdan sonra gündəm olan iki-üç deputatdan biridir Aydın Mirzəzadə.
Ancaq təəssüf ki, hələ bir yönnü məsələ ilə gündəmə gəlməyib.
Məsələn, sonuncu dəfə tale yüklü, bəşəri bir məsələni qaldırmışdı.
Aydın baba aldığı az maaşımı deyək, pensiyamı deyək, götürüb onu da, geyinib pul xərcləyən paltarlarını, deyib, gedirəm nəvəmə xərcləyəm. Gəlib parka. Əldə etdiyimiz məlumata görə, o, boğazı ağrımasın deyə həmin gün nəvəsinə dondurma almayıb, ancaq bu zaman çox diqqətli, həssas deputatımız görüb ki, bəs sən demə, uşaq attraksionunda oynayarkən pilləkənin sol tutacağı laxlayır. Aydın baba bərk əsəbiləşib, deyib, bu nə cür problemdir ölkədə? Aidiyyəti qurumlar hara baxır? Bu özbaşnalığa bir son veriləcək?
Dərhal məsələni parlamentdə qaldırmaq istəsə də, sonra əl saxlayıb. Özünə deyib, Aydın, etmə belə, ayağını qazdan çək, təmkinli ol. Sonra da deyib, qoy zəng vurum icraya, xalqımız, xalqımızın övladları üçün bu əhəmiyyətli məsələni həll etsinlər. Deputatımız belə də edib. İcra da sağ olsun, vətəndaş baba Aydın müəllimin zənginə dərhal reaksiya verilib və gəlib tutacağı düzəldiblər.
Deputatımız ərinməyib, böyük bir problemin öhtəsindən gəlibmiş kimi bunu paylaşıb. Sayğıdəyər vətəndaşlarımız da həmin parka daş qoyandan tutmuş attraksion gətirənlərə qədər yad ediblər.
Aydın Mirzəzadənin sərgüzəştləri bununla da bitmir.
Günlərin bir günü hamı kimi deputatımızın da hamı kimi ad günü olub və o, sadəlik nümayiş elətdirərək onu təbrik edən istifadəçilərin siyahısını paylaşıb. Elə bilib ki, deputat olaraq bu cür bir sadəlik nümayiş elətdirək, xalqımız da deyəcək, vauu, Aydın müəllim, supersiniz, sizin qadanız bizim ürəyimizə.
Vətəndaşlar bu dəfə də cəmi ad günü tortlarını, üstündəki şamları yad ediblər.
Aydın Mirzəzadə bununla da “Happy Bhirtday” mahnısına kütləvi nifrət yaradıb. Xalqımızın bu hadisədən sonra Miri Yusifin “Bu gün sənin ad günün” mahnısını dinləyiblər.
Bəli, bax belədir bizim Aydın Mirzəzadə.
Onun həll edəcəyi problemlər də mahiyyətcə parkdakı atrraksionlar, hesabat əvəzinə verəcəyi tək siyahı da belə şeylərdir.
Məsələn, vətəndaşlar onun hansısa bir ciddi hadisə ilə xatırlandığını eşidiblərmi? Parlamentdə hansı ciddi məsələlər ətrafında müzakirə qaldırıbmı?
Sözsüz, heç kim düşünməsin ki, baməzə söhbətləri ilə seçilən Aydın Mirzəzadə sərgüzəştləri bunlarla bitir.
Məsələn, onun ən gözəl söhbəti, deyərdim, seçkilərlə bağlı olandır.
Təxminən belə bir fikir səsləndirmişdi ki, bəs seçkinin nəticələrinin aşağı olmasının səbəbi 1992-ci ildə dünyaya gələn uşaqların və doğuşa girən anaların stress vəziyyətində olmasıdır.
Şəxsən bu çıxışı Siyavuş Novruzov min il düşünsə də, ağlına gəlməz.
Onun çıxışlarını izləyəndə belə bir hiss yaranır ki, ölkədə baş verən problemlərlə onun dedikləri arasında heç bir əlaqə yoxdur. Sanki paralel reallıqda yaşayırıq. Ümumiyyətlə, Aydın müəllim özünü ölkədə də, Milli Məclisdə də turist kimi hiss edir.
Əgər bir gün Aydın Mirzəzadə konkret və açıq danışsa, yəqin ki, hamı bunu texniki nasazlıq hesab edəcək.
Hərdən onun çıxışlarına baxıram və mənə aydın olur ki, Aydın müəllim danışmır, sadəcə vaxtı doldurur.
Mənə elə gəlir ki, parlamentdə fasilə elan olunanda Aydın Mirzəzadə danışmağa başlayır. Çünki onun çıxışları heç nə ifadə etmədiyi üçün adamı yormur.
Onun danışıq stilini bir az sadələşdirsək, belə çıxır:
Mövzu nədir? Fərqi yoxdur.
Problem nədir? Vacib deyil.
Əsas odur ki, cümlə bitsin və heç nə dəyişməsin.
Orxan
Gununsesi.info









