Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi mühit kəskin repressiyalarla müşayiət olunur. Ölkənin hüquq-mühafizə orqanları rusiyalı milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının fəallarına qarşı genişmiqyaslı həbslərə başlayıb. Son məlumatlara görə, partiyanın aparıcı simalarından biri, tanınmış kəşfiyyatçı və Qarabağ müharibələrinin iştirakçısı, “Kandaz” ləqəbli Artur Avanesyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
NOCOMMENT.az xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Artur Avanesyanı iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar seçicilərə rüşvət verməkdə və qanunsuz vədlər verməkdə ittiham edir. Onun vəkili Aram Vardevanyan həbsin siyasi motivli olduğunu və müvəkkilinin ittihamları qəbul etmədiyini bildirib. Avanesyanla yanaşı, partiyanın daha bir neçə tərəfdarının saxlanıldığı, ümumilikdə isə qurumun 10-a yaxın üzvünə qarşı cinayət işinin açıldığı qeyd olunur.
Bu həbslər “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın özünün Ermənistanda ev dustaqlığında olduğu bir dövrə təsadüf edir. Siyasi ekspertlər hesab edirlər ki, rəsmi İrəvanın bu addımları seçki ərəfəsində rusiyapərəst müxalifət cinahını zəiflətmək və Karapetyanın siyasi ambisiyalarını bloklamaq məqsədi daşıyır. Ermənistanın daxili siyasi gündəmində bu həbslər hakimiyyətin seçki prosesinə birbaşa müdaxiləsi kimi qiymətləndirilir və ölkədə gərginliyi daha da artırır.
Sara,
NOCOMMENT.az










