Dövlət büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin olunması və maliyyə intizamının gücləndirilməsi istiqamətində Hesablama Palatasının fəaliyyəti son illər yeni müstəviyə qədəm qoyub. Qurumun sədri Vüqar Gülməmmədovun son açıqlamaları göstərir ki, palata artıq sadəcə rəqəmləri yoxlayan orqan deyil, həm də dövlət vəsaitlərinin səmərəlilik dərəcəsini ölçən analitik mərkəzə çevrilməkdədir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin audit nəticələri strateji əhəmiyyət kəsb edir.
2025-ci ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən auditlər göstərir ki, bəzi hallarda dövlət vəsaitlərindən qənaətlə istifadə prinsipi arxa plana keçib. V.Gülməmmədovun vurğuladığı kimi, xüsusi mülkiyyət və ya kommersiya subyektlərinin vəsaiti hesabına tikilməli olan bazar kompleksləri, market və ticarət binaları bəzi hallarda “sosial xərc” adı altında birbaşa dövlət büdcəsi hesabına maliyyələşdirilib.
Bu isə dövlət vəsaitinin təyinatından kənarlaşması və büdcə yükünün süni şəkildə artırılması riskini yaradır. Digər tərəfdən, layihələndirmə mərhələsində relyefin düzgün nəzərə alınmaması, şaquli planlaşdırma zamanı qruntun çıxarılması və əks doldurma işlərinin əsassız şəkildə artırılması büdcəyə milyonlarla manat əlavə yük gətirib. Bu tip texniki nöqsanlar bərpa prosesində mühəndis həllərinin səmərəliliyinin nə dərəcədə ciddi nəzarət altında saxlanılması sualını gündəmə gətirir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, Hesablama Palatasının bu etirafları dövlət maliyyə menecmentində ciddi çatışmazlıqların hələ də qaldığını göstərir: “Qarabağda aparılan işlərin miqyası böyükdür, lakin bu, vəsaitlərin idarə olunmasında ‘fura-fura’ xərcləmə məntiqinə bəraət verməməlidir. Palatanın aşkar etdiyi, kommersiya təyinatlı binaların dövlət büdcəsi hesabına tikilməsi halı birbaşa qanunvericilik və səmərəlilik pozuntusudur. Dövlət infrastruktur qurmalıdır, lakin bazar və marketin tikintisi özəl sektorun işidir. Əgər dövlət bunu öz üzərinə götürürsə, deməli, orada şəffaf tender və resurs bölgüsü mexanizmlərində ciddi qüsurlar var”.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan digər iqtisadçı ekspert Əli Cabbarov isə qeyd edib ki, layihələndirmə zamanı relyefin və torpaq işlərinin həcminin süni şəkildə artırılması tikinti sektorunda ən çox yayılmış “vəsait silmə” metodlarından biridir: “Vüqar Gülməmmədovun toxunduğu ‘tökmə torpaq’ və ‘əks doldurma’ məsələləri texniki xəta deyil, çox vaxt qəsdən şişirdilmiş xərc maddələridir. Yerində görülməyən və ya kağız üzərində artırılan işlərin büdcəyə təsirini auditlə tapmaq vacibdir, lakin daha vacibi bu vəsaitlərin geri qaytarılması və günahkarların cəzalandırılmasıdır. Biz hələ də palatanın hesabatlarında ‘nöqsanlar tapıldı’ cümləsindən sonrakı hüquqi nəticələri tam görə bilmirik”.
O, qeyd edib ki, dövlət maliyyə nəzarəti yalnız postauditlə məhdudlaşmamalı, prosesin gedişində preventiv addımlar atılmalıdır: “Bərpa prosesində dövlət-özəl tərəfdaşlığı mexanizmi zəif işləyir. Əgər kommersiya obyektləri hələ də büdcə hesabına tikilirsə, deməli, investorların cəlb edilməsində stimullaşdırıcı mühit yoxdur və ya bəzi məmurlar büdcə vəsaitini paylamaqda daha maraqlıdırlar. Qarabağın bərpası milli məsələdir və burada yol verilən hər bir manat israfçılıq həm iqtisadi, həm də mənəvi baxımdan qəbuledilməzdir. Palatanın bu tənqidi qeydləri icraçı qurumlar üçün ciddi siqnal olmalıdır”.
Tunar,
NOCOMMENT.az










