İran-ABŞ gərginliyində Pakistan vasitəçiliyi: Tehranın yeni planıbackend

İran-ABŞ gərginliyində Pakistan vasitəçiliyi: Tehranın yeni planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Birləşmiş Ştatlar arasında son vaxtlar pik həddə çatan gərginliyin diplomatik yollarla həlli üçün Pakistanın vasitəçilik səyləri yeni mərhələyə qədəm qoyur. CNN-in yaydığı məlumatlar göstərir ki, Tehran administrasiyası Vaşinqtonun sərt tələblərini yumşaltmaq və regionda hərbi qarşıdurma riskini minimuma endirmək üçün yenidən işlənmiş plan üzərində intensiv çalışır.

Rəsmi Tehranın bir neçə gün əvvəl təqdim etdiyi və atəşkəs rejimi, Hörmüz boğazının blokadasının qaldırılması, ardınca isə nüvə proqramının müzakirəsini nəzərdə tutan ilkin plan ABŞ prezidenti Donald Tramp tərəfindən rədd edilib. Tramp bu təklifin Amerikanın maraqlarını tam təmin etmədiyini bildirərək daha əhatəli bir sənəd tələb edib. Hazırda İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərliklə müzakirə etdiyi yeni təkliflər paketinin yaxın günlərdə Pakistan vasitəsilə ABŞ-yə çatdırılması gözlənilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynovun sözlərinə görə, Pakistanın vasitəçiliyi hazırda tərəflər üçün ən optimal çıxış yoludur: “İran hazırda iqtisadi sanksiyaların və hərbi təzyiqin yaratdığı sıxılmış vəziyyətdən çıxmaq üçün diplomatik manevrlər edir. Pakistanın burada vasitəçi seçilməsi həm İslamabadın Tehranla coğrafi və dini yaxınlığı, həm də Vaşinqtonla strateji tərəfdaşlığı ilə bağlıdır. Tehran anlayır ki, Tramp administrasiyası ilə köhnə metodlarla dil tapmaq mümkün deyil, ona görə də masaya daha ciddi güzəştlər qoyulmalıdır”.

O, qeyd edib ki, ABŞ-ın ilkin təklifləri sərt şəkildə geri çevirməsi Tehranı daha çevik olmağa sövq edir: “Trampın ‘məni qane etmir’ reaksiyası əslində bir psixoloji təzyiq növüdür. O, İranı maksimalist güzəştlərə məcbur etmək istəyir. Abbas Əraqçinin hazırladığı yeni sənəddə böyük ehtimalla təkcə nüvə proqramı deyil, həm də İranın regional fəaliyyəti və raket arsenalı ilə bağlı müəyyən ‘yumşaq bəndlər’ yer alacaq. Çünki Vaşinqton mərhələli deyil, paket həll tələb edir”.

Şərhçi əlavə edib ki, yaxın bir neçə gün ərzində təqdim olunacaq sənəd regionun gələcək taleyini müəyyənləşdirə bilər: “Əgər İranın yeni təklifləri Hörmüz boğazının təhlükəsizliyinə tam təminat versə və nüvə monitorinqi məsələsində şəffaflığı artırsa, biz kiçik bir ‘istiləşmə’ dövrünə qədəm qoya bilərik. Lakin hər şey İranın ali rəhbərliyinin nə dərəcədə strateji geri çəkilməyə hazır olmasından asılıdır. Pakistan vasitəçiliyi bu gərgin prosesdə hələlik sonuncu diplomatik şans rolunu oynayır”.

Tunar,
NOCOMMENT.az