Azərbaycanda ən stajlı rektorlardan biri də akademik Kamal Abdulladır. O, 50 ildən çoxdur pedaqoji fəaliyyətlə məşğuldur. Kamal Abdullanı digər həmkarlarından fərqləndirən əsas cəhət üst-üstə 23 il ölkənin iki universitetinə rəhbərlik etməsidir.
NOCOMMENT.az xəbər verir ki, Kamal Abdulla 4 mart 1950-ci ildə Bakıda anadan olub. O, Azərbaycan ədəbiyyatşünaslığı, dilçilik və ictimai-siyasi sahələrdə tanınmış elm və təhsil xadimlərindən biridir. Uzun illər ali təhsil sistemində rəhbər vəzifələrdə çalışıb.
Kamal Abdulla 1984-1987-ci illərdə indiki Azərbaycan Dillər Universitetinin “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri olub. 1988-1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun (hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-cı ildən isə Fondun İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Həmin il M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun “Ümumi və rus dilçiliyi” kafedrasının müdiri seçilib.
2000-ci ilin mayında M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin olunub, elə həmin ilin iyununda isə yeni yaradılmış Bakı Slavyan Universitetinin rektoru vəzifəsinə gətirilib. 2014-cü ilin fevralına qədər bu ali təhsil müəssisəsinə rəhbərlik edib.
Akademik Kamal Abdulla 2017-ci ildən etibarən Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində çalışır və pedaqoq kimi fəaliyyətini davam etdirir.
Prezident İlham Əliyevin 25 may 2019-cu ildə imzaladığı sərəncamla Xalq yazıçısı fəxri adına layiq görülüb.
Fotoda: Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla
\
Metbuat.az










