İranda milli valyutanın dəyər itirməsi fonunda ABŞ dolları tarixi rekordlarını yeniləməyə davam edir. Məlumatlara görə, azad bazarda dolların məzənnəsi kəskin yüksələrək rekord həddə çatıb və bu, tümənin sürətlə ucuzlaşdığını göstərir.
NOCOMMENT.az xəbər verir ki, oxşar proses Türkiyədə də müşahidə olunur. Son günlər lirə dollar qarşısında zəifləyib və məzənnə 1 dollar üçün 45 lirə səviyyəsinə qədər yüksəlib, hətta gün ərzində artımın davam edəcəyi gözlənilir. Hazırda isə bazarda 100 dolların təxminən 4519 lirəyə satılması bu tendensiyanın davam etdiyini göstərir.
İqtisadçılar İran və Türkiyədə dolların bahalaşmasını əsasən yüksək inflyasiya, daxili iqtisadi qeyri-sabitlik və milli valyutalara inamın zəifləməsi ilə izah edirlər. Ekspertlər bildirir ki, bu ölkələrdə valyuta bazarına təzyiq artdıqca dolların möhkəmlənməsi qaçılmaz olur və bu, qiymət artımını da sürətləndirir. Xüsusilə idxaldan asılı iqtisadiyyatlarda bu proses daha kəskin hiss edilir.
Bəs Azərbaycanda vəziyyət necədir?
Hazırda ölkədə manat sabit qalır və məzənnə uzun müddətdir dəyişmir. İqtisadçı Cavid Vaqifli hesab edir ki, Azərbaycanın valyuta ehtiyatlarının yüksək olması və Mərkəzi Bankın sərt kurs siyasəti manatın sabitliyini qoruyur. Bununla belə, region ölkələrində baş verən proseslərin dolayı təsirləri istisna edilmir və uzunmüddətli perspektivdə xarici iqtisadi faktorlar Azərbaycan bazarına da təsir göstərə bilər.
İqtisadçının sözlərinə görə, yaxın dövrdə Azərbaycanda dolların bahalaşması gözlənilən deyil./Metbuat.az/










