Gömrüklə bağlı ÖNƏMLİ YENİLİK – Nələr olacaq?backend

Gömrüklə bağlı ÖNƏMLİ YENİLİK – Nələr olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsində edilən köklü dəyişikliklər ölkənin xarici ticarət siyasətində və nəzarət mexanizmlərində yeni bir mərhələnin başladığını göstərir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov tərəfindən təqdim edilən qanun layihəsinin ən diqqətçəkən məqamı Azərbaycanda ilk dəfə tətbiq olunacaq səyyar gömrük auditi sistemidir. Bu yeni qaydalara əsasən, gömrük orqanları artıq idxalatçıların, ixracatçıların və mal sahiblərinin bilavasitə öz ərazilərində, anbarlarında və ya istifadələrində olan digər binalarda həm planlı, həm də plandankənar yoxlamalar apara biləcəklər. Əsas yenilik ondan ibarətdir ki, bu audit mallar gömrük nəzarətindən çıxdıqdan sonrakı 3 il ərzində də həyata keçirilə bilər ki, bu da dövlətin ticarət əməliyyatlarına sonradan nəzarət imkanlarını genişləndirir. Yoxlama müddəti standart olaraq 20 iş günü müəyyən edilsə də, zərurət yarandıqda bu müddət 30 iş gününə qədər uzadıla bilər. Sahibi olduğunuz müəssisədə planlı yoxlamanın aparılması üçün gömrük orqanları ən azı 15 iş günü əvvəl yazılı xəbərdarlıq göndərməli və yoxlama suallarının siyahısını təqdim etməlidir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərovun sözlərinə görə, bu dəyişikliklər gömrük prosedurlarının şəffaflaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan mühüm addımdır: “Səyyar gömrük auditinin tətbiqi əslində sahibkarların işini asanlaşdırmağa xidmət edir. Çünki əvvəllər mallar yalnız sərhəd keçid məntəqələrində və ya terminalda uzun-uzadı yoxlanılırdısa, indi malların sürətli buraxılışı təmin olunur və dövlət sonradan yoxlama (post-klirens) funksiyasını işə salır. Bu, limanlarda və terminallarda sıxlığın qarşısını alacaq, ticarət dövriyyəsini sürətləndirəcək”. O qeyd edib ki, bu prosesdə şəffaflığın qorunması üçün ciddi qanuni mexanizmlər nəzərdə tutulub: “Qanun layihəsində yoxlamanın müddəti və qaydası konkretləşdirilib. Xüsusilə, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması tələbi, əsassız müdaxilələrin və qeyri-rəsmi yoxlamaların qarşısını tamamilə alacaqdır. Sahibkar öz hüquqlarını bilməli və auditin yalnız qanunla müəyyən edilmiş suallar çərçivəsində aparılmasını tələb etməlidir”.

Dəyişikliklərin praktiki tərəflərinə toxunan hüquqşünas vurğulayıb ki, 3 illik müddət sahibkarların məsuliyyətini daha da artırır: “Malların statusunu itirməsindən, yəni sərbəst dövriyyəyə buraxılmasından sonra 3 il ərzində hər an audit keçirilə biləcəyi üçün, idxal-ixrac əməliyyatları ilə məşğul olan şəxslər sənədləşmə işlərinə daha ciddi yanaşmalıdırlar. Bu müddət ərzində bəyannamələrin düzgünlüyü, rüsumların tam öndənilməsi və digər texniki detallar hər an yoxlanıla bilər”. Hüquqşünas sonda onu da əlavə edib ki, planlı yoxlamaların ildə bir dəfədən çox olmaması və əvvəlcədən xəbərdarlıq edilməsi biznes mühitinin sabitliyini qorumağa yönəlib, belə ki, sahibkar gözlənilməz yoxlamalarla deyil, qabaqcadan proqnozlaşdırılan bir nəzarət sistemi ilə qarşı-qarşıya olacaq. İlk oxunuşda qəbul edilən bu layihə Azərbaycanın logistika mərkəzi kimi cəlbediciliyini artırarkən, eyni zamanda gömrük nəzarətinin effektivliyini də maksimum səviyyəyə qaldırmağı hədəfləyir”.

Tunar,
NOCOMMENT.az