Elm və tibb sahəsində zaman-zaman insan ömrünü uzada biləcək yeniliklərlə bağlı diqqətçəkən iddialar gündəmə gəlir. 2018-ci ildə də bəzi alimlərin insan ömrünü 150 ilə qədər uzada biləcək dərman üzərində çalışdığı barədə məlumatlar yayılmışdı. Bu gün də həmin görüntülər geniş yayılıb.
Hətta iddialarda hüceyrələrin yenilənməsi, müxtəlif xəstəliklərin müalicəsi, saçların yenidən çıxması və digər maraqlı təsirlərin mümkün ola biləcəyi qeyd edilirdi. Lakin aradan keçən illərə baxmayaraq, hələ də rəsmi şəkildə təsdiqlənmiş nəticələr açıqlanmayıb.
Bəs belə bir şey həqiqətən mümkündürmü?
NOCOMMENT.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, ümumiyyətlə, bütün canlı növlərinin müəyyən yaşam dövrü var:
“Məsələn, müxtəlif heyvanların ömür müddəti bir-birindən fərqlənir. Qarışqaların ömrü bir neçə gün və ya həftə ola bildiyi halda, fil təxminən 70-80 il yaşaya bilir. Bəzi quş növləri 3 il, bəziləri isə 5 il və daha artıq yaşayır. Yəni canlılara verilən genetik proqramlaşdırılmış ömür müddəti müxtəlif amillərdən asılıdır.
Təbii ki, indiki ekoloji şərait, qlobal istiləşmə, termorequlyasiya balansının pozulması və dünyada artan ekoloji problemlər fonunda insan ömrünün əhəmiyyətli dərəcədə uzadılması çox real görünmür. Çünki onkoloji xəstəliklər, autoimmun xəstəliklər, ateroskleroz və bunun nəticəsində yaranan ürək-damar xəstəlikləri getdikcə artır. Bu isə böyük optimizm yaratmır”.
A.Qeybullanın sözlərinə görə, genetik proqramlaşdırma yolu ilə müəyyən yaş həddinə çatmaq mümkündür:
“İnsan ömrünün 150 ilə qədər uzadılması və həmin müddətdə funksional qalması isə hələlik daha çox nəzəri baxımdan mümkündür. Əslində insanın fizioloji ömür potensialı 100 ildən yuxarı hesab olunur. Lakin bu, o demək deyil ki, insan həmin yaşa qədər funksionallığını qoruyub saxlaya bilir. Əsas məsələ də məhz budur. Çünki yaş artdıqca yaddaş zəifləməsi, əqli qabiliyyətin azalması, əmək qabiliyyətinin itməsi kimi problemlər ortaya çıxır. Bu isə insanı sosial baxımdan passiv vəziyyətə salır və cəmiyyət üçün əlavə yük yaradır”.
A.Qeybullanın fikrincə, alimlər insan ömrünü süni şəkildə uzatmaqdan daha çox, xəstəliklərin genetik səbəblərini araşdırıb onların qarşısını almaq və müalicə yollarını tapmağa fokuslansalar, daha faydalı olar:
“Digər tərəfdən, bu gün dünyanın ən böyük problemlərindən biri həddindən artıq əhali artımıdır. Sürətli əhali artımı həm qlobal istiləşməyə, həm də digər sosial və ekoloji problemlərə səbəb olan əsas amillərdən biridir. Buna görə də bu məsələlər üzərində ciddi düşünmək zamanıdır”. (globalinfo.az)










