Praqmatizm, yoxsa ritorika? - Avropanı xilas edən Bakı faktoru

Praqmatizm, yoxsa ritorika? - Avropanı xilas edən Bakı faktoru

Bu gün Avropa təsisatlarının ritorikası ilə Aİ-nin aparıcı dövlətlərinin Cənubi Qafqazdakı real siyasəti arasındakı uçurum daha aydın şəkildə özünü büruzə verir.

Avropa Parlamenti Bakıya qarşı bir-birinin ardınca tənqidi qətnamələr qəbul edib siyasi rəngli informasiya dalğası yaratsa da, Avropa liderləri daha az teatral, "demokratik" dramatizmdən uzaq və kifayət qədər səmimi davranırlar. Onlar Azərbaycan lideri İlham Əliyevlə təmas qurmaq üçün sözün əsl mənasında növbəyə düzülürlər və bu dissonans artıq çoxdan təsadüf olmaqdan çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bu kəskin təzadı artıq sadəcə rəy müxtəlifliyi ilə izah etmək mümkün deyil; burada söhbət Avropanın öz daxilindəki dərin çatdan gedir. Brüssel bürokratiyası "dəyərlər" və səs-küylü bəyanatlarla oynamağa qərar verdiyi halda, aparıcı ölkələrin hökumətləri pulları sayır, energetikaya mərc edir və riskləri hesablayırlar. Bu isə Köhnə Dünya vətəndaşları üçün daha vacib və reallığa yaxın məsələdir. Məhz bu praqmatik koordinat sistemində Azərbaycan tənqid obyekti deyil, əvəzolunmaz və etibarlı tərəfdaş kimi çıxış edir. Odur ki, real qərarlar Avropa Parlamentinin zalında deyil, ikitərəfli danışıqlar zamanı qəbul edilir.

Avropa Parlamentinin deputatları nə qədər qərəzli qətnamələr və hesabatlar hazırlasalar da, reallıq bu deklarasiyaları alt-üst edir. Həqiqət budur ki, Avropanın enerji təhlükəsizliyinin əsas halqası olan Azərbaycan olmadan heç bir irəliləyiş mümkün deyil. Bu, artıq simpatiya və ya siyasi üstünlük məsələsi deyil, sərt iqtisadi zərurətdir. Cənub Qaz Dəhlizi, tədarükün artırılması və yeni logistik zəncirlərdə iştirak Bakını Avropa sabitliyinin dayaq nöqtələrindən birinə çevirir. Maraqlı dairələrdən qidalanan bəzi avropalı deputatlar tribunalardan səsləri batana qədər qışqıra, mənəvi üstünlük nümayiş etdirə bilərlər, lakin iqtisadi maraqlar həmişə dominant olacaq. Enerji təhlükəsizliyi, sənaye və sosial sabitlik tərəziyə qoyulduqda, ideoloji konstruksiyalar sürətlə arxa plana keçir. Məhz buna görə də Avropa siyasətinin pərdəarxasında tamamilə fərqli – praqmatik, təmkinli və konkret mesajlarla dolu bir ton hakimdir.

Bakıya edilən səfərlər, aparılan danışıqlar və imzalanan sazişlər əsl siyasətin özüdür. Burada səs-küylü mətnlər deyil, real müqavilələr, deklarasiyalar deyil, nəql marşrutları və qazın həcmi danışır. Hüquqi qüvvəsi olmayan qətnamələr deyil, arxasında praktiki perspektiv dayanan imzalar əsas götürülür. Bu mənzərədə Azərbaycan bəzi Avropa strukturlarının təqdim etmək istədiyi kimi "təzyiq obyekti" rolunda deyil, güclü tərəf kimi çıxış edir. Bu fonda Avropa Parlamentinin hərəkətləri reallıqdan qopmuş və qərəzli görünür. Onların qətnamələri obyektiv amilləri görməzdən gəlməklə yanaşı, region haqqında təhrif olunmuş təsəvvür yaradır. Bu, artıq siyasət deyil, faktların əvvəlcədən müəyyən edilmiş xəttə uyğunlaşdırıldığı informasiya kampaniyasıdır.

Digər tərəfdən, Brüssel Ermənistanı "demokratiya forpostu" kimi irəli sürərək ona siyasi avanslar verir və vurğulanmış dəstək nümayiş etdirir. Lakin bunun arxasında dəyərlərə inamdan ziyadə Ermənistanın daha "idarəolunan" və asılı tərəfdaş kimi qəbul edilməsi dayanır. Ondan fərqli olaraq, Azərbaycan və Gürcüstan müstəqil siyasət yürüdür və "kiçik tərəfdaş" roluna sığmırlar.

Onlar başqalarının ssenarisi ilə oynamağa hazır deyillər və məhz bu, Avropa isteblişmentinin bir hissəsini qıcıqlandırır. Beləliklə, kifayət qədər kinik, lakin aydın bir mənzərə yaranır: Avropa Parlamenti ritorikasını sərtləşdirə bilər, lakin iqtisadiyyat və energetikaya cavabdeh olan "real Avropa" artıq öz seçimini maraqlar üzərində qurub. "Dəyərlər" haqqında danışmaq qadağan deyil, lakin qış gələndə və enerji qiymətləri qalxanda bütün söhbətlər praqmatizm müstəvisinə qayıdır. Həmin müstəvidə isə Azərbaycan alternativ deyil, kəskin ehtiyac duyulan strateji tərəfdaşdır. Nə qədər maskalanmağa çalışılsa da, fakt faktlığında qalır: Bakı olmadan Avropanın enerji konstruksiyası ciddi şəkildə sarsılır.

Əli Səfərli,
NOCOMMENT.az

Bizim Telegram səhifəsinə abunə olun