Qlobal media məkanında subyektiv və qərəzli xəbərləri ilə tanınan “CNN World” telekanalının son dövrlərdə Azərbaycan əleyhinə yayımladığı təxribat xarakterli materiallar, regional təhlükəsizlik balansını pozmağa hesablanmış genişmiqyaslı hibrid müharibənin tərkib hissəsidir. Kanalın tamam uydurma və qaranlıq “anonim mənbələrə” istinad edərək, guya İsrail hərbi qüvvələrinin və xüsusi təyinatlı kəşfiyyat qruplarının İranla müharibə dövründə Azərbaycan ərazisindən, xüsusən də cənub sərhəd zonalarından plasdarm kimi istifadə etməsi barədə yaydığı iddialar tamamilə əsassız dezinformasiyadır. Rəsmi Bakı ən ali dövlət səviyyəsində dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqları heç bir halda üçüncü bir dövlətə qarşı hərbi eskalasiya, kəşfiyyat fəaliyyəti və ya hər hansı düşmənçilik məqsədilə istifadə oluna bilməz və ölkəmizdə heç bir xarici hərbi baza mövcud deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin və Medianın İnkişafı Agentliyinin (MEDIA) CNN-ə rəsmi təkzib məktubları göndərməsinə baxmayaraq, kanalın bu obyektiv mövqeyi qəsdən gizlədərək qərəzli məqaləni tirajlaması, onun müstəqil media prinsiplərindən uzaqlaşaraq müəyyən anti-Azərbaycan mərkəzlərin əlində siyasi təzyiq alətinə çevrildiyini birmənalı şəkildə sübut edir.
Məsələ barədə NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ Prezidenti Donald Trampın CNN kanalına münasibəti mənfidir və Ağ Ev sahibi bu kanalı daima dezinformasiya yaymaqla, yalan xəbər ("fake news") istehsal etməklə ittiham edir: "Elə Azərbaycana aid yayılan bu son xəbər də Trampın haqlı olduğunu bir daha təsdiqləyir. Buna baxmayaraq, CNN-in istinad etdiyi o 'anonim mənbənin' ABŞ daxilindəki müəyyən rəsmi strukturlara, xüsusən də Ağ Evin hazırkı müstəqil regional sülh xəttini həzm edə bilməyən pərdəarxası mühafizəkar və ya lobbi dairələrinə bağlı olduğu ehtimalını diqqətdən qaçırmaq olmaz. Bu 'anonim mənbənin' dezinformasiya yaymaqda əsas strateji məqsədi, son dövrlərdə rəsmi Bakı ilə Tehran arasında yenidən normallaşma mərhələsinə qədəm qoyan regional diplomatik və iqtisadi münasibətləri gərginləşdirmək, tərəflər arasında süni etmadsızlıq divarı hörməkdir".
Politoloqun sözlərinə görə, bu dezinformasiya xətti birbaşa regional anti-Azərbaycan şəbəkəsinin maraqlarına xidmət edir və İran daxilindəki müəyyən radikal qrupların əlinə əlavə tezislər verir: "İranın mühafizəkar dairələri və onlara bağlı media resursları, CNN-in bu yaydığı məqalədən əvvəl də İsrailin guya Azərbaycan ərazisindən istifadəsinə dair heç bir fakta söykənməyən şayiələr yayırdılar. İndi həmin dairələr qlobal miqyaslı CNN-ə istinad edərək, bizə qarşı 'baxın, düşmən dövlətin xəbər kanalı da bizim aylardır dediklərimizi və ittihamlarımızı təsdiq etdi' kimi manipulyasiyalar səsləndirəcəklər. Demək, bu qaranlıq 'anonim mənbə' kimdirsə və ya hansı lobbi mərkəzləridirsə, məhz İran mühafizəkarlarının Azərbaycana qarşı təhdid və dezinformasiya kampaniyalarının davam etməsində, regionda sülhün və TRIPP xəttinin sabote olunmasında maraqlıdırlar".
Elxan Şahinoğlu rəsmi Bakının nümayiş etdirdiyi qətiyyətli hüquqi reaksiyanı vurğulayaraq, bu xaos ssenarisinin tamamilə çökdürülməsi üçün növbəti addımın Təl-Əviv tərəfindən atılmasının vacibliyini qeyd edib: "Azərbaycan Xarici İşlər Nazirliyi və Milli Məclisin Xarici Müdaxilə və Hibrid Təhdidlərlə Mübarizə üzrə Müvəqqəti Komissiyası məsələyə dərhal kəskin bəyanatla reaksiya verərək, CNN-dən əsassız iddiaların yayıldığı bu qərəzli məqalənin rəsmi şəkildə təkzib edilməsini və Azərbaycan xalqından üzr istənilməsini qətiyyətlə tələb edib. CNN-in yaydığı bu yalan xəbərdə Azərbaycanla yanaşı İsrail dövlətinin də adı birbaşa çəkildiyinə görə, indi Təl-Əvivin Xarici İşlər Nazirliyinin də eyni qaydada bu iddiaları rəsmən və kəskin şəkildə təkzib etməsinə ciddi ehtiyac var. Bu halda, hər iki dövlətin rəsmi ittifaqı qarşısında küncə sıxışan CNN-in öz 'anonim mənbəsinin' yalanını etiraf etməkdən və xəbəri rəsmən geri çəkməkdən başqa heç bir hüquqi və diplomatik seçimi qalmayacaq. Əks halda, bu saxta xəbərə istinad edərək regionda yeni gərginlik ocağı alovlandırmaq istəyən şəbəkələrin sayı arta bilər", - deyə ekspert xəbərdarlıq edib.
Tunar,
NOCOMMENT.az











