Əsrin rəhbəri, müstəqilliyin rəmzi: Milli dövlətçiliyimizin xilaskar memarı Heydər Əliyev

Əsrin rəhbəri, müstəqilliyin rəmzi: Milli dövlətçiliyimizin xilaskar memarı Heydər Əliyev

Zamanın amansız axınında millətlərin taleyini dəyişən, tarixin gedişatına möhür vuran elə dahi şəxsiyyətlər var ki, onların fiziki yoxluğu belə ideyalarının və əməllərinin hər addımda hiss olunmasına mane ola bilmir. Bu gün Azərbaycan xalqı öz böyük oğlunun, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd edir. Bu, sadəcə bir təqvim günü deyil, həm də bir millətin parçalanmaqdan xilas olub, sarsılmaz bir dövlətə çevrilmə yolunun başlanğıcıdır.

CROSSMEDIA - Heydər Əliyev: Azərbaycan xalqının əbədi lideri


Heydər Əliyev adı müasir Azərbaycanın sinoniminə çevrilib, çünki bu gün addım atdığımız hər bir küçədə, ucalan hər bir binada və ən əsası, qəlbimizdə daşıdığımız azərbaycançılıq qürurunda onun silinməz izi var. Onun ömür yolu fədakarlığın, uzaqgörənliyin və vətənə olan ilahi sevginin ən uca zirvəsidir.

1969-cu ildə rəhbərliyə gəlişi ilə Azərbaycanın üzərindəki durğunluq dumanını dağıdan dahi lider, hələ o illərdə gələcək müstəqilliyin iqtisadi və mənəvi təməllərini atırdı. O, yaxşı bilirdi ki, iqtisadiyyatı güclü olmayan, öz milli-mənəvi dəyərlərinə sahib çıxmayan bir xalqın azadlığı uzunömürlü ola bilməz.

9 iyun 1993-cü il: Ulu Öndərin qayıdışı Azərbaycanın xilası, xalqın qurtuluşu oldu - "İki sahil"

Heydər Əliyev təkcə zavodlar, fabriklər tikmirdi, o, həm də azərbaycanlı gəncləri SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərməklə gələcəyin kadr potensialını, müstəqil dövlətin idarəçilərini yetişdirirdi.

Heydər Əliyev Azərbaycana nə verib? - BBC News Azərbaycanca


Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidməti 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı idi. Həmin dövr Azərbaycanın dövlətçilik tarixində ən dramatik və həlledici məqam idi. Ölkə vətəndaş müharibəsi astanasında idi, xarici təzyiqlər və daxili xaos müstəqilliyimizi sual altına qoymuşdu. Məhz onun siyasi dühası, polad iradəsi və sarsılmaz qətiyyəti sayəsində Azərbaycan uçurumun kənarından döndü.

Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər də ölkə üçün həlledici illər oldu - "İki sahil"

O, atəşkəsə nail olmaqla ölkəyə nəfəs verdi, daxili sabitliyi bərpa etdi və bütün dünyaya bəyan etdi ki, Azərbaycan artıq oyuncaq dövlət deyil, beynəlxalq hüququn subyektidir. "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın iqtisadi müstəqilliyinin sarsılmaz təməli qoyuldu. Bu, təkcə neft müqaviləsi deyil, həm də ölkəmizin gələcək rifahının və siyasi çəkisinin zəmanəti idi. Heydər Əliyevin ən böyük mirası isə Azərbaycançılıq ideologiyasıdır. O, bu ideologiyanı elə bir səviyyəyə qaldırdı ki, dünyada yaşayan hər bir azərbaycanlı öz kimliyi ilə fəxr etməyə başladı. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı sadə bir cümlə deyil, hər birimizin milli şüarına çevrilən manifestdir. O, dini, irqi və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları bir bayraq altında birləşdirən tolerantlıq və multikulturalizm modelini yaratdı.

Heydər Əliyev siyasəti: multikulturalizm və tolerantlıq ideyaları - "İki sahil"


Bu gün biz qürurla deyə bilərik ki, Heydər Əliyevin ən böyük arzusu, yarımçıq qalmış vəsiyyəti yerinə yetirilib. Onun uzaqgörənliklə hazırladığı dövlətçilik strategiyası bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Qarabağın azad olunması, Şuşada Azərbaycan bayrağının dalğalanması Ulu Öndərin ruhunun ən böyük şadlığıdır.

Bugünkü Azərbaycan onun xəyallarındakı qüdrətli, suveren və nüfuzlu dövlətdir. Heydər Əliyev sadəcə bir dövrün lideri deyildi, o, əsrlərə sığmayan bir ideya mənbəyidir. Biz onun xidmətlərini vərəqlədikcə anlayırıq ki, Azərbaycanın hər bir uğurunda onun zəkası, hər bir qələbəsində onun ruhu var. 103 illik bu yubiley ərəfəsində biz bir daha dərk edirik ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, çünki o, Azərbaycanın özüdür.

🇦🇿 3 oktyabr 1993-cü il — Ölkəmizin tarixində dönüş günü. Ulu Öndər Heydər Əliyev 98.84% səslə Azərbaycan Prezidenti seçildi...

Onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacak, qoyub getdiyi irs isə gələcək nəsillər üçün mayak olaraq qalacaqdır. Biz ona minnətdarıq ki, bu gün başımız uca, alnımız açıq, müstəqil və qələbə qazanmış bir dövlətin vətəndaşları kimi yaşayırıq. Ruhun şad olsun, Böyük Rəhbər!


Elşən Həsənov,

NOCOMMENT.az xəbər portalının təsisçisi