Azərbaycanda qiyamət əlaməti? — AÇIQLAMA

Azərbaycanda qiyamət əlaməti? — AÇIQLAMA

Sosial şəbəkələrdə çəyirtkələrin kütləvi şəkildə yayılması ilə bağlı görüntülər geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu hadisəni qiyamətin əlamətləri ilə əlaqələndirərək müxtəlif iddialar irəli sürürlər. Görəsən, İslam dinində çəyirtkələrin çoxalması qiyamətin əlaməti hesab olunurmu?

NOCOMMENT.az mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, insanlar təbiət hadisələrini dəqiq bilməyəndə öz düşüncələrinə görə hadisələrə müxtəlif şərhlər veirlər:

"Bu əslində insanların bəzən bir çox həqiqətlərdən məlumatsız olduğunu göstərən əsas amillərdən biridir. Son günlər sosial şəbəkələrdə yayılan videoda böyük çəyirtkə sürüsünün havada hərəkəti göstərilir. Videonun altında isə bunun qiyamətin əlaməti olduğunu, dünyanın sonunun yaxınlaşdığını iddia edən çoxlu şərhlər yazılıb. Mən hesab edirəm ki, belə məsələlərə həm dini, həm də elmi baxımdan ehtiyatla yanaşmaq lazımdır. İnsanları qorxuya deyil, biliyə söykənən düşüncəyə yönəltmək daha doğru yanaşmadır.

İlk növbədə qeyd etmək lazımdır ki, İslamda qiyamətin nə vaxt baş verəcəyini heç kim bilmir. Bu, Allahın yalnız Özünə məxsus olan qeyb elmidir. Qurani Kərimdə Əraf surəsinin 187 ci ayəsində belə buyurulur: "Qiyamətin nə vaxt qopacağını səndən soruşurlar. De ki, onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtında yalnız O aşkar edəcək". Loğman surəsinin 34 cü ayəsində belə buyurulur:

"Həqiqətən, qiyamətin elmi Allahın yanındadır".

Bu ayələr açıq şəkildə göstərir ki, hər hansı təbiət hadisəsini qəti şəkildə qiyamətlə əlaqələndirmək dini baxımdan doğru deyil".

İlahiyyatçı deyib ki, Peyğəmbərimiz (s.ə.s) də bu məsələdə insanları ehtiyatlı olmağa çağırıb:

"Məşhur Cəbrail hədisində Cəbrail əleyhissalam qiyamətin vaxtını soruşduqda Allah Rəsulu belə cavab verdi: "Soruşulan bu barədə soruşandan daha çox bilmir".

Bu cavab göstərir ki, hətta peyğəmbərlərə belə qiyamətin dəqiq vaxtı bildirilməmişdir.

Bəzən insanlar Quranda adı çəkilən çəyirtkələri də bu hadisə ilə əlaqələndirməyə çalışırlar. Halbuki Quranda çəyirtkələrin zikr edilməsi müxtəlif məqamlardadır. Məsələn, Firon qövmünə göndərilən bəlalar arasında çəyirtkələr də qeyd olunur. Bu, xüsusi ilahi cəza hadisəsi idi və konkret tarixi hadisəyə aid idi. Digər tərəfdən, Qəmər surəsinin 7 ci ayəsində insanların qəbirlərdən çıxmasının səhnəsi yayılmış çəyirtkələrə bənzədilir. Burada isə söhbət bənzətmədən gedir, təbiətdə görünən hər çəyirtkə sürüsünün qiyamət əlaməti olmasından yox.

Klassik təfsir alimləri, o cümlədən təbiət elmlərinə vaqif olan alimlər bu ayələri şərh edərkən qiyamətin vaxtını təyin etməyə çalışmağın doğru olmadığını, müsəlmanın əsas vəzifəsinin saleh əməl sahibi olmaq olduğunu vurğulamışlar.

Elmi baxımdan da belə görüntülər qeyri adi hesab edilmir. Çəyirtkələr bəzi iqlim və ekoloji şəraitdə böyük sürülər halında hərəkət edirlər. Yağıntının artması, torpağın rütubəti, bitki örtüyünün çoxalması, temperaturun uyğun olması onların sayının sürətlə artmasına səbəb ola bilir. Bu zaman milyonlarla, bəzən milyardlarla çəyirtkə birlikdə uçur və böyük əraziləri əhatə edir. Bu hadisə dünyanın müxtəlif ölkələrində dəfələrlə müşahidə olunub və biologiya ilə məşğul olan alimlər tərəfindən uzun illərdir araşdırılır.

Məsələn, biologiya alimləri bildirir ki, bəzi çəyirtkə növləri əlverişli hava şəraitində çox qısa müddətdə sürü halına keçərək yüzlərlə kilometr məsafə qət edə bilir. Bu, təbiətin öyrənilmiş ekoloji proseslərindən biridir.

Əlbəttə, mömin insan təbiətdə baş verən hər hadisədən ibrət götürür. Qurani Kərim insanı göylərə, yerə, canlılara baxmağa və Allahın yaratdıqları üzərində düşünməyə çağırır. Ancaq ibrət almaq başqa, hər təbiət hadisəsini qiyamətin qəti əlaməti kimi təqdim etmək isə tamam başqa məsələdir.

Təəssüf ki, sosial şəbəkələrdə sensasiya yaratmaq məqsədilə hər qeyri adi görüntüyə dini məna yüklənilir. Bu isə cəmiyyətdə əsassız qorxu yaradır və insanların dini məsələlərə münasibətinə mənfi təsir göstərir. İslam isə xəbərin doğruluğunu araşdırmağı tövsiyə edir. Qurani Kərimin Hucurat surəsinin 6 cı ayəsində xəbərin yoxlanılmasının vacibliyi xüsusi vurğulanır.

Mənim fikrimcə, videoda görünən çəyirtkə sürüsünü qiyamətin başladığı kimi təqdim etmək üçün nə dini, nə də elmi əsas mövcuddur. Bu, təbiətdə zaman zaman müşahidə olunan hadisələrdən biridir.

Qiyamətin nə vaxt baş verəcəyini yalnız Allah bilir. Bizim vəzifəmiz isə qorxu yayan fərziyyələr yaymaq deyil, doğru məlumat vermək, insanlarda elmə, düşüncəyə və sağlam dini anlayışa söykənən münasibət formalaşdırmaqdır.

İnsan həmişə axirətə hazır olmalıdır. Lakin bu hazırlıq sosial şəbəkələrdə yayılan hər videonu qiyamət xəbəri kimi qəbul etməklə deyil, imanını möhkəmləndirməklə, əxlaqını gözəlləşdirməklə və saleh əməllərlə həyata keçirilir. İslamın bizə öyrətdiyi əsas prinsip də məhz budur", - deyə o fikrini yekunlaşdırıb.\\demokrat.az