Botoks etdirənlərə xəbərdarlıq - Kabus yaşamaq istəmirsinizsə...

Botoks etdirənlərə xəbərdarlıq - Kabus yaşamaq istəmirsinizsə...

Sosial şəbəkələrdə qolaltı nahiyəsinə etdirdiyi botoks prosedurundan sonra sol qolunda ciddi hərəkət məhdudiyyəti və iflicə bənzər hallar yarandığını iddia edən qadının paylaşımı ölkə ictimaiyyətində və tibb mühitində bomba effekti yaradıb.

Prosedurdan cəmi dörd gün keçməsinə baxmayaraq müraciət etdiyi həkimlərin fərqli diaqnozlar qoyması, xəstənin isə bütün məsuliyyəti əməliyyatı həyata keçirən kosmetoloqun üzərinə yıxması son dövrlər nəzarətsiz şəkildə yayılan estetik xidmətlərin dəhşətli fəsadlarını bir daha göz önünə sərib. Artıq oxşar şikayətlərin kütləvi xarakter alması fonunda bəzi peşəkar estetik kliniklər və həkimlər vəziyyət aydınlaşana qədər bu növ prosedurları müvəqqəti dayandırdıqlarını bəyan ediblər.

Mütəxəssislərin ilkin rəyinə görə, botoks birbaşa əzələ toxumasına və sinir uclarına təsir göstərən güclü toksin olduğu üçün onun qeyri-peşəkar şəkildə, yanlış nöqtələrə vurulması və ya keyfiyyətsiz, qeyri-rəsmi məhsullardan istifadə olunması bu cür ağır fəsadlara – müvəqqəti hərəkət məhdudiyyətinə və əzələ zəifliyinə səbəb ola bilər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də açıqlama yayaraq bildirib ki, "Clostridium botulinum toxin type A" tərkibli preparatlar ölkəyə sonuncu dəfə 2026-cı ilin iyun ayında idxal olunub, may ayında isə rəsmi idxal qeydə alınmayıb. Qurum sosial şəbəkələrdə yayılan iddialarda preparatın seriyası, adı və prosedurun həyata keçirıldığı müəssisənin dəqiq göstərilməməsi səbəbindən konkret məhsul üzrə araşdırma aparılmasının çətin olduğunu qeyd edərək, vətəndaşları yalnız lisenziyalı tibb müəssisələrinə və rəsmi qeydiyyatdan keçmiş mütəxəssislərə müraciət etməyə çağırıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor Adil Qeybulla qeyd edib ki, botoks sadə kosmetik vasitə deyil, ciddi nevroloji təsirə malik güclü zəhər – toksindir və onun qeyri-peşəkar şəxslər tərəfindən tətbiqi insan sağlamlığı üçün ölümcül təhlükə yarada bilər: "Botulizm toksininin tibbdə və estetikada istifadəsi son dərəcə dəqiq anatomiya bilikləri və peşəkar yanaşma tələb edir. Əgər prosedur zamanı həkim dozanı düzgün hesablamırsa və ya iynə yanlış əzələ qrupuna vurulursa, bu, qonşu sinirlərin bloklanmasına, əzələlərin fəaliyyətinin pozulmasına və məhz qolda müşahidə olunan hərəkət məhdudiyyəti kimi ağır fəsadlara gətirib çıxarır. Təəssüf ki, bu gün hər bucaqda – heç bir tibbi təhsili olmayan kosmetoloqların salonlarında bu cür təhlükəli prosedurların həyata keçirilməsi cəmiyyətimiz üçün böyük fəlakətə çevrilib. Vətəndaşlar ucuz qiymətə və ya sosial şəbəkə reklamlarına aldanaraq öz həyatlarını təhlükəyə atırlar, çünki qeyri-leqal yollarla gətirilən, saxta preparatların insan bədənində yaratdığı fəsadlar bəzən geri dönməz olur".

Onun sözlərinə görə, bu cür halların qarşısının alınması üçün təcili olaraq sərt tənzimləmə mexanizmləri işə salınmalı və lisenziyasız fəaliyyət göstərən gözəllik salonlarına qarşı hüquqi müstəvidə radikal addımlar atılmalıdır: "Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları estetik xidmət adı altında qeyri-qanuni tibbi müdaxilələr həyata keçirən obyektlərə qarşı reydləri maksimum səviyyəyə qaldırmalıdırlar. Botoks kimi preparatlar yalnız xüsusi sertifikatlı həkimlər tərəfindən, tam steril xəstəxana şəraitində vurulmalıdır. Qolaltı nahiyəsinə tətbiq olunan botoksun əsas məqsədi tərləmənin qarşısını almaqdır, lakin bu zaman tərləmə vəzilərinin yerləşdiyi dərinlik ilə motor sinirlərin keçdiyi məsafə çox yaxındır; səhv bir hərəkət bütün qolun sinir sistemini sıradan çıxara bilər. Ona görə də vətəndaşlarımıza bir daha xəbərdarlıq edirik ki, sağlamlığınızla eksperiment aparmayın, hər hansı estetik prosedurdan öncə mütləq həkimin diplomunu və preparatın rəsmi sertifikatını tələb edin".