Azərbaycan ailə qanunvericiliyində nikahın pozulması və uşaqların gələcək maddi təminatı ilə bağlı ən çox sual doğuran məqamlardan biri alimentin hesablanmağa başladığı dəqiq tarixlə bağlıdır. Valideynlər arasında yaranan mübahisələr zamanı alimentin məhkəmə qərarı çıxdığı gündən, yoxsa faktiki ayrılıq anından hesablanması barədə müxtəlif yanlış yanaşmalar mövcuddur. Lakin hüquqi müstəvidə bu məsələ birmənalı şəkildə həllini tapıb:
alimentin tutulması üçün əsas götürülən vaxt məhz məhkəməyə iddia ərizəsi ilə müraciət olunduğu gündür. Bu prinsip uşağın hüquqlarının müdafiəsini ön plana çəkir və məhkəmə çəkişməsinin davam etdiyi müddətdə öhdəliyin yığılmasını təmin edir. Eyni zamanda, aliment qətnamələrinin dərhal icra edilməsi zərurəti, hətta apellyasiya və ya kassasiya şikayətləri verildiyi təqdirdə belə ödənişlərin dayandırılmaması qanunvericiliyin bu məsələyə nə dərəcədə həssas və sosialyönümlü yanaşdığını göstərir. Uşaqların maddi rifahı hər hansı prosessual gecikmədən üstün tutulur və bu vəzifənin icrasından boyun qaçıran şəxslər üçün ciddi hüquqi sanksiyalar nəzərdə tutulur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, alimentin hesablanma vaxtı ilə bağlı qanunvericilikdə boşluq yoxdur və hər şey vətəndaşın müraciət tarixi ilə bağlıdır: "Məhkəmə qətnaməsinin nə zaman qəbul edilməsindən asılı olmayaraq, aliment iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən hesablanaraq tutulur. Məsələn, şəxs fevral ayında müraciət edibsə və məhkəmə prosesi may ayında yekunlaşıbsa, aliment məhz fevral ayından etibarən geriyə doğru hesablanaraq ödənilməlidir".
Onun sözlərinə görə, bu növ qərarların icrası digər mülki işlərdən fərqli olaraq təxirəsalınmaz xarakter daşıyır: "Alimentin tutulması uşağın mənafeyinə xidmət etdiyinə görə, bu qətnamələr dərhal icraya yönəldilir. Hətta cavabdeh tərəf qərardan şikayət versə belə, bu hal alimentin ödənilməsini dayandırmır və proses davam edir". Hüquqşünas vurğulayıb ki, qanun uşaqların hüquqlarını qorumaq üçün ödənilmiş vəsaitin toxunulmazlığını da təmin edir: "Əgər yuxarı instansiya məhkəməsi alimentin məbləğini azaltsa və ya ilkin qətnaməni ləğv etsə belə, həmin vaxta qədər ödənilmiş aliment geri qaytarılmır. Bu öhdəliyi yerinə yetirməyən valideynlər isə inzibati məsuliyyətdən başlayaraq, cinayət məsuliyyətinə qədər ciddi cəzalarla üzləşə bilərlər".
Tunar
Nocomment.az












