Azərbaycan mediasında yeni eranın kodu: Vahid idarəetmə və rəqəmsal güc

Azərbaycan mediasında yeni eranın kodu: Vahid idarəetmə və rəqəmsal güc

Tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən dərhal sonra ölkəmizdə bütün strateji istiqamətlərdə olduğu kimi, informasiya məkanında da köklü yenilənmə və sistemli islahatlar prosesinə start verildi.

Prezident cənab İlham Əliyevin birbaşa rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən bu genişmiqyaslı siyasət, rəqəmsal dövrün çağırışlarına tam cavab verən güclü, rəqabətədavamlı, müstəqil və milli maraqlara xidmət edən media mühitinin formalaşdırılması məqsədi daşıyır.

Zəfərimizin ardınca media sahəsində islahatların dərinləşdirilməsi istiqamətində atılan bu zəruri addım, dövlətimizin informasiya təhlükəsizliyinə və azad mətbuatın institusional inkişafına verdiyi yüksək strateji əhəmiyyəti aydın şəkildə nümayiş etdirir. Ölkə başçısının media inkişafı məsələlərini daim diqqət mərkəzində saxlaması və bu sahəyə öz xüsusi qayğısını əsirgəməməsi, reallaşdırılan islahatların həm əhatə dairəsini genişləndirir, həm də onların effektivliyini maksimum dərəcədə artırır. Bu mütərəqqi prosesin əsas hüquqi sütunu və strateji "yol xəritəsi" rolunu oynayan “Media haqqında” Qanun, qüvvəyə mindiyi qısa dövr ərzində ölkənin informasiya mühitinin sağlamlaşdırılması, qorunması və tənzimlənməsi istiqamətində öz praktik əhəmiyyətini fundamental şəkildə təsdiqləyib.

Müasir cəmiyyətin dinamik tələbləri, qlobal trendlər və sürətli texnoloji inkişaf standartları media subyektlərinin fəaliyyət prinsiplərinin yenidən nəzərdən keçirilməsini və daha innovativ yanaşmaların tətbiqini qaçılmaz edir. Bu baxımdan ölkədə reallaşdırılan media islahatları media subyektlərinin rəqabətə davamlılığının artırılmasını, onların iqtisadi və redaksiya müstəqilliyinin möhkəmləndirilməsini hədəfləyərək özündə tam sistemli bir yanaşmanı əks etdirir.

Hazırda dünya miqyasında müşahidə olunan qlobal konvergensiya prosesi çərçivəsində çap, onlayn və audiovizual media arasındakı ənənəvi sərhədlərin sürətlə silinməsi informasiya sisteminin əsas sütunu olan mediaya münasibətdə tamamilə vahid və inteqrasiya olunmuş bir yanaşmanı şərtləndirir. Rəqəmsal ekosistemin formalaşdırdığı yeni tələblərə uyğun olaraq, milli informasiya təhlükəsizliyini təmin etmək və medianın dayanıqlı iqtisadi müstəqilliyinə nail olmaq üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik, kollegial və mərkəzləşdirilmiş tənzimləmə mexanizminə keçid zərurəti yaranıb.

Bu zərurətdən irəli gələrək hazırda media sahəsindəki islahatlar çərçivəsində yaradılmış və uğurla fəaliyyət göstərən Azərbaycan Respublikasının Audiovizual Şurası ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyəti tam mənada bir-birini tamamlayan mütərəqqi bir mexanizm üzərində qurulub. Dövlətin qeyd olunan vahid institusional yanaşma strategiyasının məntiqi davamı və növbəti fundamental mərhələsi olaraq, bu iki mühüm qurumun əsasında kollegial idarəetmə sisteminə malik xüsusi bir Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur.
Yeni yaradılacaq Media və Yayım Şurası ilə bağlı konkret vəzifə və öhdəliklərin “Media haqqında” Qanunda birbaşa öz hüquqi əksini tapması böyük əhəmiyyət kəsb edir. Qurumun məhz kollegial idarəetmə modelini əsas götürməsi, fəaliyyətdə obyektivliyi təmin etməklə yanaşı, medianın daxili müstəqilliyinə və bütövlükdə bu institusional sistemə münasibətdə cəmiyyətdə ictimai etimadın ən yüksək səviyyəyə çatmasına zəmanət verən effektiv demokratik mexanizm formalaşdırır.

Qabaqcıl beynəlxalq təcrübə və qlobal tendensiyalar da aydın şəkildə göstərir ki, media sahəsində tənzimləmə və inkişaf funksiyalarının vahid və ya bir-biri ilə sıx əlaqələndirilmiş institusional çərçivədə həyata keçirilməsi hər zaman daha effektiv və mütəşəkkil nəticələr verir. Məsələn, Böyük Britaniyada fəaliyyət göstərən məşhur "Ofcom" tənzimləyici qurumu yayımın nizamlanması, sürətlə inkişaf edən rəqəmsal media mühitinin idarə olunması və media istifadəçilərinin maraqlarının, hüquqlarının etibarlı qorunması funksiyalarını məhz vahid bir struktur daxilində birləşdirir.

Oxşar şəkildə Fransada fəaliyyət göstərən "CSA" (hazırkı adı ilə ARCOM) qurumu da audiovizual sektorun tənzimlənməsi ilə bərabər, müasir rəqəmsal platformalara münasibətdə nizamlamanı və nəzarəti effektiv şəkildə təmin edir. Dünyadakı bu uğurlu institusional modellər sübut edir ki, kollegial idarəetmə prinsiplərinin tətbiqi və vahid idarəetmə strategiyasının formalaşdırılması media sahəsində ümumi işin səmərəliliyini artırmaqla yanaşı, həm də sektora olan ictimai inamı sarsılmaz edir.

Azərbaycanın informasiya siyasətində dövlətin tətbiq etdiyi bu vahid institusional yanaşma daxili informasiya məkanını çirkləndirmə cəhdlərinin, habelə qlobal miqyasda geniş vüsət alan dezinformasiya dalğasının mənfi təsirlərinin minimuma endirilməsinə xidmət edir. Bu strategiya cəmiyyətimizi hədəf alan müxtəlif neqativ hallara və manipulyasiyalara qarşı mübarizənin daha effektiv, sürətli və mərkəzləşdirilmiş formada aparılmasına tam hüquqi və praktiki şərait yaradır. Qanunvericilikdə nəzərdə tutulan mütərəqqi dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə, rəqəmsal platformalarda milli məhsul istehsalını ciddi şəkildə stimullaşdırmağa və yerli media subyektlərinin kəmiyyət və keyfiyyət baxımından inkişafına güclü təkan verir. Bütün bunların yekun nəticəsi olaraq, Azərbaycanın daxili və xarici siyasəti, tarixi uğurları və Qarabağ həqiqətləri beynəlxalq müstəvidə, dünya ictimaiyyətinə daha geniş, sistemli və peşəkar bir formada çatdırılır.

İslahatların gətirdiyi digər mühüm və praktiki yenilik isə bilavasitə media sahəsində çalışan şəxslərin statusunun qorunması və fəaliyyətlərinin asanlaşdırılması ilə bağlıdır. Əsas məqsədi ölkədə fəaliyyət göstərən media subyektlərinə, onların redaksiyalarına, habelə peşəkar jurnalistlərə dair məlumatları dəqiq sistemləşdirmək olan Media Reyestrinin rolu bu prosesdə əvəzsizdir.

Qanunvericiliyə edilən yeni dəyişikliklərdən sonra peşəkar jurnalistlərin bu reyestrə daxil edilməsi və onların müvafiq vahid jurnalist vəsiqəsi ilə təmin olunması prosesi tamamilə ödənişsiz əsaslarla həyata keçiriləcək. Bu addım dövlətin yaradıcı potensiala və peşəkar jurnalistikaya göstərdiyi növbəti qayğının təzahürü olmaqla, sahənin şəffaflaşmasına və media mühitinin kənar, qeyri-peşəkar təsirlərdən qorunmasına yönəlib. Aparılan bütün bu kompleks islahatlar milli mətbuatımızın rəqəmsal ekosistemdə tam dayanıqlı və müstəqil şəkildə inkişaf etməsini qətiləşdirir.

Əli Səfərli,
NOCOMMENT.az