Almaniya hakimiyyəti ölkənin ekspress çatdırılma şirkəti DHL-yə məxsus yük təyyarəsinin Leypsiq/Halle hava limanı yaxınlığında havada naməlum obyektlə toqquşduğunu təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Leonard Kaminski brifinqdə jurnalistlərə bildirib ki, sözügedən təyyarə Leypsiqdə eniş etməli idi, lakin sonra orada enə bilmədiyi üçün yenidən uçub:
"Görünür, nəyləsə toqquşub və sonradan Hannoverdə eniş edə bilib".
Hannoverdə eniş etdikdən sonra təyyarənin ön hissəsində kiçik zədələr aşkarlanıb. "Bild" qəzetinin məlumatına görə, hadisə hava limanından 6 kilometr aralıda, 400 metr hündürlükdə baş verib.
Daha əvvəl bildirilib ki, ötən gecə Almaniyanın Leypsiq/Halle aeroportunun uçuş zolağında, Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında üzərində paket və partladıcı olan naməlum dron tapılmışdı. Bu səbəbdən hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyət qoyulmuşdu.










