Deputatlar uşaqların onlayn təhlükəsizliyi üçün hərəkətə keçdi: Sosial şəbəkələrdə yeni qadağalar tətbiq OLUNACAQ?
Azərbaycanda uşaqların internet mühitində təhlükəsizliyinin təmin edilməsi məqsədilə sosial media platformalarında fərdi hesab açmaq qaydalarına ciddi məhdudiyyətlərin gətirilməsi təklif olunur. Yeni qanun layihəsinə əsasən, sosial şəbəkələrdə müstəqil şəkildə hesab açmaq yaşı 16 olaraq müəyyənləşdirilir. 16-18 yaş arasındakı yeniyetmələr isə platformalarda yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin rəsmi razılığı ilə qeydiyyatdan keçə biləcəklər.
NOCOMMENT.az xəbər verir ki, bu inqilabi dəyişiklik fonunda Oxu24.com-a mütəxəssislər uşaqların rəqəmsal dünyadakı gələcəyini dəyişdirəcək bu qərarı fərqli prizmalardan şərh etdilər.
Aysel Rəsulzadə: "Təkcə qadağa problemin tam həlli deyil, kompleks yanaşma mütləqdir"
Pedaqoq, "Valideyn Məktəbi"nin təsisçisi Aysel Rəsulzadə qanunun əsas mahiyyətini və uşaq psixologiyasına təsirlərini geniş şəkildə təhlil edib:

“Düşünürəm ki, qanunun əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi, onların zərərli informasiyadan qorunması, şəxsi məlumatların mühafizəsi və sosial şəbəkə platformalarının fəaliyyətində məsuliyyət mexanizmlərinin artırılmasıdır. Eyni zamanda qanun layihəsinə əsas üstünlüyü uşaqların rəqəmsal mühitdə daha etibarlı və təhlükəsiz qorunmasına xidmət etməsidir. Son illərdə sosial şəbəkələrin uşaqların psixologiyasına, şəxsi məlumatlarının təhlükəsizliyinə və ümumilikdə inkişafına təsiri ilə bağlı narahatlıqlar bütün dünyada artır. Təklif olunan dəyişikliklər məhz bu risklərin minimuma endirilməsini hədəfləyir. Onu da qeyd etmək lazımdır ki, sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün çox vacibdir”.
Onun sözlərinə görə, hazırda bir çox platformada istifadəçilər yaşlarını dəyişdirərək asanlıqla qeydiyyatdan keçə bilirlər. Effektiv nəzarət üçün sosial şəbəkə platformaları ilə əməkdaşlıq edilməli, yaşın təsdiqi mexanizmləri gücləndirilməli, valideyn nəzarəti alətləri geniş tətbiq olunmalı və rəqəmsal identifikasiya imkanları nəzərdən keçirilməlidir. Əks halda, qadağa formal xarakter daşıya və gözlənilən nəticəni verməyə bilər. Bu baxımdan da sosial platformalar öz öhdəliyini anlamalı və qanuna uyğun şəkildə hərəkət etməlidir:
“Eyni zamanda 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasının məhdudlaşdırılması uşaqların kibertəhdidlərdən, zərərli məzmundan, onlayn zorakılıqdan və şəxsi məlumatların sui-istifadəsindən qorunması baxımından müsbət addımdır. Bununla belə, təkcə qadağa problemin tam həlli deyil. Uşaqların rəqəmsal savadlılığının artırılması, valideynlərin maarifləndirilməsi və təhlükəsiz internet mühitinin formalaşdırılması da paralel şəkildə həyata keçirilməlidir. Yalnız kompleks yanaşma bu sahədə real nəticələr verə bilər”.
Hacıbəy Heydərli: "Sosial şəbəkələr uşaqların inkişafını həm dəstəkləyir, həm də ciddi təhlükəyə atır"
Media eksperti Hacıbəy Heydərli mövzunun həm sosial, həm də psixoloji fəsadlarına toxunaraq, sosial şəbəkələrin uşaqların emosional vəziyyətinə və davranışlarına təsirlərini rəqəmsal dövrün reallıqları ilə izah edib:
“Sosial şəbəkələr özlüyündə nə yaxşıdır, nə pis. Məsələ ondan necə istifadə etməkdir. Düzgün istifadə edildikdə, əlbəttə ki, o bizə yaxşı məlumatlar verə bilir, bizə nəyi isə öyrədə bilir, doğru formada ünsiyyət qurma vərdişlərini aşılamağa kömək edir. Digər tərəfdən yaradıcılıq tərəfimizi inkişaf etdirir. Amma təbii ki, nəzarətsiz və həddindən artıq istifadə edilən sosial şəbəkələr artıq bir çox psixoloji problemlərə və pedaqoji davranış problemlərinə gətirib çıxarır”.

H. Heydərli bildiri ki, bu da köklü formada yeniyetmələrimizin ruhuna hopur:
“Məsələn, uşaqlarımız bu gün özünü həmişə başqaları ilə müqayisə edirlər. Ən çox problem nədir? Artıq sosial şəbəkə bir müqayisə etmək meydanına çevrilibdir. Yeniyetməlik dövrü onsuz da şəxsiyyətin formalaşdığı, insanın özünü axtardığı bir dövrdür. Amma bu gün siz sosial şəbəkələrdəki yeniyetmələrə baxırsınız, görürsünüz ki, onlar daha çox gözəl görünən insanları, daha uğurlu həyatı olan insanları, daha çox bəyənilməsi (like) və izləyicisi olan insanları və yaxud da həmyaşıdlarını bəyənirlər və onlar kimi ola bilmək istəyirlər. Özlüyündə də onlara çata bilmədiyi üçün düşünürlər ki, yəqin ki, mən yetəri qədər yaxşı birisi deyiləm. Təbii ki, bu da artıq onlarda özünə inamı azaldır, həyatla bağlı, ailəsi ilə bağlı narazılıq hissinə səbəb olur. Bütün bunlar isə təbii ki, gərginliyə, stressə gətirib çıxarır”.
Həmçinin, ekspert vurğulayıb ki, digər tərəfdən gənc özünü buna uyğun qiymətləndirməyə başlayır. Davamlı olaraq sosial şəbəkədən istifadə edən uşaq artıq qarşı tərəfdən daim bildiriş gözləyir, layk(like) gözləyir. Qorxur ki, canlı yayımda və ya sosial şəbəkədən az istifadə edərsə nəyi isə qaçıra bilər (FOMO sindromu).
Daim onlayn olmaq istəyir, bu artıq sosial şəbəkəyə, telefona aludəçiliyi daha da artırır. Bir müddətdən sonra yeniyetmədə daxili gərginlik məsələsi yaranır. Bu gün biz uşaqların daha çox öz həmyaşıdlarından geri qalmaq qorxusunun üzərində işləyirik, yeniyetmələrin ən çox narahatlıqlarının bu olduğunu görürük”.
O, empatiya hissinin azalması və virtual aqressiyaya toxunaraq bildirib ki, bu narahatlıq isə aqressiyaya, empatiya hissinin azalmasına gətirib çıxarır. Buna görə də ekran arxasında heç vaxt insan qarşı tərəfin hisslərini canlı şəkildə görmür. Özü görmək istədiyi kimi görür. Buna görə də yeniyetmələrin çoxu bunun vasitəsilə təhqir etməyi öyrənirlər. Düşünmür ki, ekranın o tərəfində qarşısında bu qədər insan var. Təbii ki, həyatda bu qədər təhqir edə bilməz, daha asan ola bilməz. Bu formada da yeniyetmələrdə bu cür narahatlıqlar yaranır.
“Digər tərəfdən isə insanın sağlamlığında çox vacib rol oynayan yuxudur ki, yuxu rejimi artıq sosial şəbəkədən hədsiz istifadə etməyi məhdudlaşdırır. Gecə saatlarına qədər sosial şəbəkələrdən istifadə edən yeniyetmənin yuxu rejimi pozulur, diqqəti zəifləyir, yorğunluğu artır. Təbii ki, yuxu çatışmazlığı da artıq gətirir əsəbiliyə və bir çox asılılıq vərdişlərinə. Bu vərdişlərə qarşı asılılıq yaradır”.
Bəs valideynlər nə etməlidir? Ekspertdən vacib məsləhətlər
Hacıbəy Heydərli valideynlərin bu prosesdəki rolunu xüsusi vurğulayaraq, qadağalardan daha çox düzgün istiqamətləndirmənin vacibliyini qeyd edib:
“Valideyn nə etməlidir? Mövzu çox genişdir. Valideyn daha çox uşağının üzərində nəzarətdə olmalıdır. Yəni burada tam qadağa qoymaq yox, təbii ki, tam sərbəstlik də vermək düzgün deyil. Daim maraqlanmalıdır. İzləyici kimi yox, bir bələdçi kimi uşağının yanında olmalıdır. Bilməlidir ki, yeniyetmə uşaq hansı platformalardan, hansı sosial şəbəkələrdən istifadə edir. Uşaq artıq görməlidir ki, verdiyimiz sevgi qədər bunun sərhədi də var. Ailədə telefondan istifadə eldiriksə, eyni zamanda ailənin özündə bir ünsiyyət vaxtları yaradılmalıdır. Telefondan istifadə etdiyimiz qədər, digərləri ilə həmsöhbət olduğumuzdan daha çox ailə üzvləri ilə həmsöhbət olunmalıdır. Uşağın həyatı virtual həyatdan daha çox real həyata yönləndirilməlidir, istiqamətləndirilməlidir”.
* Güclü şəxsiyyət yetişdirmək: "Bir sözlə, sosial şəbəkələr uşaqların həyatını tamamilə əhatə etməməlidir. Hesab edirəm ki, burada əsas məqsəd uşaqları sosial şəbəkələrdən uzaqlaşdırmaq yox, onları sosial şəbəkələrin təsirindən qoruyacaq qədər güclü şəxsiyyət kimi yetişdirməkdir. Biz də uşaqlarımızın güclü tərəflərini formalaşdırsaq, onlar artıq sosial şəbəkədən də istifadə etmək qaydasını biləcəklər. Bir yerdən sonra valideyn nəzarət etməsə belə, onlar nəyin nə qədər istifadə edilməli olduğunu biləcəklər."
Media eksperti uşaqların sosial şəbəkələrlə çox erkən yaşda tanış olmasının gələcəkdə yaratdığı fəsadları bir-bir sadalayıb:
“Sosial şəbəkələr artıq uşaqlarımızın, yeniyetmələrin ayrılmaz bir parçası olub. Əvvəl uşağın tərbiyəsinə, şəxsiyyət kimi formalaşmasına ailə, məktəb və ətraf mühit təsir edirdisə, bu gün artıq sosial şəbəkələr bu payı böyük faizlə ələ keçirib. Sosial şəbəkələr uşaqların zəif tərəflərini böyüdür: özünəinamı az olanı müqayisəyə, tənha olanı təcridə, aqressiv olanı isə daha çox aqressiyaya sürükləyir.
Nəticədə telefon və sosial şəbəkələr uşaqlar üçün texnologiya olmaqdan çıxıb, onların hisslərini və emosiyalarını tənzimləyən bir vasitəyə çevrilir. Unutmayaq ki, uşaq gördüyünü götürür. Əgər valideyn özü yemək masasında belə telefonu əlindən yerə qoymursa, uşaq onun sözlərini yox, məhz bu davranışını nümunə götürəcək. Ən böyük tərbiyə vasitəsi məsləhət deyil, şəxsi nümunədir”.












