Türkiyədən geri çağırılan Rəşad Məmmədovdan ilk açıqlama

Türkiyədən geri çağırılan Rəşad Məmmədovdan ilk açıqlama

İyulun 24-də Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Özbəkistana təyin edilən Rəşad Məmmədov bununla bağlı açıqlama yayıb.

NOCOMMENT.az bildirir ki, səfir açıqlamasında ilk növbədə ona bu yüksək və məsuliyyətli diplomatik missiyanı etibar etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib:

"Qardaş Türkiyə Respublikasında səfir kimi fəaliyyətimi başa vurarkən, ilk növbədə mənə bu yüksək və məsuliyyətli missiyanı etibar etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Ali etimadı doğrultmaq üçün bütün gücüm və məsuliyyət hissimlə çalışmağa səy göstərdim. Bu missiyanı digər bir qardaş ölkəmizdə – Özbəkistanda davam etdirəcəyimdən isə xüsusi məmnunluq duyuram.

Qardaş Türkiyədə keçirdiyim illər mənim üçün təkcə diplomatik fəaliyyət dövrü deyil, həm də ömrümün ən şərəfli və unudulmaz səhifələrindən biri oldu. “Bir millət, iki dövlət” fəlsəfəsinin gündəlik həyatda necə yaşandığını görmək, Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə əlimdən gəldiyi qədər töhfə vermək mənim üçün böyük qürur mənbəyidir."

Səfir açıqlamasında bu müddət ərzində ona göstərilən diqqət və dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə dövlətinin rəsmilərinə, diplomatik korpusun nümayəndələrinə, media təmsilçilərinə, elm, mədəniyyət və iş dünyasının nümayəndələrinə, eləcə də qardaş Türkiyə xalqına təşəkkürünü ifadə edib:


"Bu müddət ərzində qardaşlıq münasibətini əsirgəməyən Prezident, Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana, birlikdə çalışdığımız Türkiyə Respublikasının dövlət rəsmilərinə, diplomatik korpusun nümayəndələrinə, media mənsublarına, elm, mədəniyyət və iş dünyasının təmsilçilərinə, eləcə də hər zaman dəstəyini hiss etdiyim qardaş Türkiyə xalqına səmimi təşəkkürümü bildirirəm".

Rəşad Məmmədov eyni zamanda Türkiyədə yaşayan və fəaliyyət göstərən soydaşlarımıza da minnətdarlığını çatdırıb.

"Onların dövlətimizə bağlılığı, həmrəyliyi və sevgisi hər zaman bizə əlavə güc verib.
Diplomatik missiyalar başa çatsa da, dostluqlar, qardaşlıq və Vətənə xidmət məsuliyyəti əbədi olaraq qalır. Qəlbim hər zaman Azərbaycan və Türkiyə üçün eyni sevgi ilə döyünəcək. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!"/musavat.com/