Azərbaycanda hərbi xidmət və hərbi vəzifələr “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanunun 22-ci maddəsinə əsasən, bəzi vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar.
Məsələ ilə bağlı Vəkil Turan Abdullazadə NOCOMMENT.az-a açıqlamasında bildirib ki, belə şəxslər əsasən cinayət məsuliyyətinə cəlb olunmuş və ya hüquqi mübahisələr altında olan vətəndaşlardır:
“Müvafiq qanuna görə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum edilmə cəzası çəkən şəxslər, həmçinin barələrində şərti həbs cəzası tətbiq edilmiş vətəndaşlar hərbi xidmətə çağırılmır. Əvvəllər qəsdən törətdiyi cinayətə görə məhkum olunmuş və hələ məhkumluğu aradan qaldırılmamış şəxslər, həmçinin barəsində cinayət işi açılmış və ya məhkəməyə qədər sadələşdirilmiş materiallar üzrə istintaq aparılan şəxslər də çağırılmayanlar sırasındadır. Ağır və xüsusilə ağır cinayətlər törətmiş, müəyyən müddətə və ya ömürlük həbs edilmiş şəxslər isə hərbi xidmətə aparılmır.”
Vəkil qeyd edib ki, hazırda cəza çəkən məhkumlar hərbi xidmətə aparılmır.
“Lakin cəzasını başa vurmuş və məhkumluğu silinmiş şəxslərin vəziyyəti hərbi komissiya tərəfindən fərdi qaydada qiymətləndirilir:
Bu, qanunda nəzərdə tutulmuş hüquqi mexanizmdir və şəxslərin ədalətli və şəffaf şəkildə qiymətləndirilməsini təmin edir. Qanun həm vətəndaşların hüquqlarını qoruyur, həm də dövlətin hərbi ehtiyaclarının təmin olunmasına xidmət edir.”












