Azərbaycanda son illər müşahidə olunan demoqrafik göstəricilərin aşağı düşməsi, xüsusilə doğum və nikah sayındakı azalma tendensiyası ölkənin gələcək inkişafı üçün ciddi siqnallar verir. Dövlət Statistika Komitəsinin 2026-cı ilin ilk ayları üzrə açıqladığı məlumatlara görə, ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,4-dən 8,5-ə, nikahların sayı isə 4,4-dən 3,4-ə enib. Bu rəqəmlər sadəcə statistik azalma deyil, cəmiyyətin sosial strukturunda və ailə institutunda gedən köklü dəyişikliklərin göstəricisidir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sosioloq Aqşin Fərhadov qeyd edib ki, hazırkı demoqrafik mənzərə müasir həyat tərzinin və iqtisadi amillərin ailə quruluşuna birbaşa təsirinin nəticəsidir: "Biz artıq ənənəvi ailə modelindən fərqli, daha fərdi yanaşmanın ön planda olduğu bir dövrə qədəm qoymuşuq. Gənclər arasında təhsil və karyera ambisiyalarının ailə qurmaqdan üstün tutulması, həmçinin şəxsi azadlıq anlayışının dəyişməsi nikah yaşının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu gün 20-lərin əvvəlində ailə quran gənclərin yerini artıq 30-35 yaşlarında karyerasını müəyyənləşdirmiş şəxslər alır ki, bu da təbii olaraq reproduktiv dövrü qısaldır və dünyaya gələn uşaqların sayına birbaşa təsir edir".
Sosioloqun sözlərinə görə, bu azalmanın arxasında dayanan əsas təhlükə cəmiyyətin sürətlə qocalması və gələcəkdə işçi qüvvəsinin çatışmazlığıdır: "Əhalinin yaş strukturunda gənclərin payının azalması və yaşlıların çoxalması sosial təminat sisteminə də yük gətirir. Bu tendensiya davam edərsə, uzunmüddətli perspektivdə ölkənin demoqrafik dividentini itirməsi və iqtisadi artım tempinin ləngiməsi riski yaranır. Bundan əlavə, psixoloji amilləri də qeyd etmək lazımdır: artan boşanma statistikası və ailə münaqişələri gənclərdə rəsmi nikaha qarşı bir növ 'inamsızlıq sindromu' yaradır. Cəmiyyət olaraq biz yalnız iqtisadi təşviq mexanizmlərinə deyil, həm də ailə dəyərlərinin müasir dövrə uyğunlaşdırılması və gənc ailələrə sosial dəstək sisteminin gücləndirilməsinə kompleks yanaşmalıyıq".
Tunar,












