Paytaxtın ən böyük ticarət mərkəzlərindən sayılan "Laçın" Ticarət Mərkəzində baş verən faciə təkcə bir ustanın ölümü ilə yekunlaşmadı. Bu hadisə ticarət mərkəzlərində liftlərin texniki vəziyyəti, onların təyinatı və təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı ciddi suallar yaratdı.
NOCOMMENT.az xəbər verir ki, xatırladaq ki, avqustun 5-də saat 12 radələrində Qara Qarayev prospekti 105-də yerləşən ticarət mərkəzində lift ustası, 1962-ci il təvəllüdlü Namiq Balaməmməd oğlu Məmmədov lifti təmir edərkən hündürlükdən yıxılıb. Ağır xəsarətlə xəstəxanaya çatdırılan usta saat 17 radələrində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bu, son bir ay ərzində Bakıda liftlə bağlı ikinci bədbəxt hadisədir. Ötən ay "Tamstore"da da oxşar hadisə yaşanmışdı. Ardıcıl baş verən faciələr ticarət obyektlərində liftlərin istismarı və təhlükəsizlik nəzarətinin yetərli olub-olmaması sualını gündəmə gətirir.
Ticarət Mərkəzində olduq. İlk baxışdan hər şey adi görünür. Alıcılar mağazaları gəzir, satıcılar müştərilərlə məşğuldur. Amma söhbətə başlayanda məlum olur ki, burada baş verən faciədən heç də hamının xəbəri olmayıb.
Satıcılardan biri təəssüflə deyir: "Biz hadisə olan vaxt heç nə bilməmişik. Sonra xəbərlərdən, TikTok-dan gördük. Dedilər lift nasaz imiş, yazıq usta onun qurbanı oldu".
Başqa bir satıcı isə eşitdiklərini bölüşür: "Deyirlər, lifti düzəldən yerdə olub, fikri yayınıb, səhlənkarlıq edib. Amma dəqiq nə baş verdiyini bilmirik. Mən özüm o liftdən istifadə etmirdim. Köhnə lift idi, həmişə pilləkənlə qalxırdım".
Liftin yerləşdiyi hissəyə qalxmaq üçün əvvəlcə eskalator, daha sonra pilləkənlərlə dördüncü mərtəbəyə üz tuturuq. Burada artıq hər şeyin dəyişdiyi hiss olunur. Liftin yerləşdiyi hissədə artıq hərəkət yoxdur. Fövqəladə Hallar Nazirliyinin çəkdiyi qırmızı xəbərdarlıq lentləri uzaqdan diqqət çəkir. Liftin qapısı bağlıdır, ətrafda isə istifadə olunmayan taxtalar, mebel hissələri və müxtəlif yüklər qalaqlanıb. Bir neçə mağaza sahibi həmin hissəyə yaxınlaşsa da, hadisə barədə danışmaq istəmirlər. Bəziləri isə "araşdırma gedir" deyərək söhbətdən yayınırlar.
Bir satıcı ilə söhbətdə öyrənirik ki, bu lift illərdir işləyirmiş: "Neçə ildir burada işləyirik. Mən hər gün bu liftdən istifadə edirdim. İndiyə qədər problem görməmişdik. Hadisədən sonra gəlib bağladılar".
Digər satıcının sözlərinə görə isə lift daha çox mebel mağazalarının işinə yarayıb: "Əsasən ağır mebellər, iri yüklər bununla daşınırdı. Ona görə də ən çox həmin mağazalar istifadə edirdi".
Məhz burada bir neçə vacib sual ortaya çıxır. Əgər bu yük lifti idisə, niyə işçilər də ondan sərnişin kimi istifadə edirdi? Yox, sərnişin lifti idisə, illərlə ağır mebellərin daşınmasına necə icazə verilmişdi? Ən əsası, lift üzərində təmir işi aparan ustanın təhlükəsizliyi niyə lazımi qaydada təmin olunmamışdı? Təhlükəsizlik kəməri, qoruyucu sistemlər və digər zəruri tədbirlər görülmüşdümü? Bu sualların cavabı hələlik yoxdur.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlamışıq. Qurumun mövqeyi daxil olan kimi materialı yeniləyəcəyik.
Bir ay ərzində eyni səbəbdən iki insanın həyatını itirməsi artıq təsadüf kimi görünmür. Bu faciələr göstərir ki, ticarət mərkəzlərində liftlərin istismarı, texniki nəzarət və təhlükəsizlik qaydaları daha ciddi şəkildə yoxlanılmalıdır. Çünki növbəti faciənin harada və nə vaxt baş verəcəyini heç kim bilmir. Mütəxəssislərin fikrincə, hər bir lift müəyyən edilmiş qrafik üzrə yoxlanılmalı, nasazlıq aşkar edildiyi halda isə problem aradan qaldırılana qədər istismarı dayandırılmalıdır. Xüsusilə gün ərzində yüzlərlə insanın istifadə etdiyi ticarət mərkəzlərində liftlərə nəzarət daha ciddi şəkildə həyata keçirilməlidir.
Liftlərin təmiri isə yüksək riskli iş hesab olunur. Belə işlər zamanı lift tam şəkildə elektrik enerjisindən ayrılmalı, onun təsadüfən işə düşməsinin qarşısını alan təhlükəsizlik sistemi tətbiq edilməli, təmir işlərini aparan əməkdaş isə təhlükəsizlik kəməri və digər fərdi mühafizə vasitələrindən istifadə etməlidir. Eyni zamanda, təmir aparılan ərazi xəbərdarlıq nişanları ilə əhatəyə alınmalı və kənar şəxslərin ora daxil olmasına icazə verilməməlidir.
Mütəxəssislər onu da bildirirlər ki, yük və sərnişin liftlərinin təyinatı fərqlidir. Yük liftləri əsasən malların və avadanlıqların daşınması üçün nəzərdə tutulur. Belə liftlər yalnız bu məqsədə uyğun layihələndirildiyi və müvafiq icazəsi olduğu halda insanları daşıya bilər. Əks halda, yük liftindən sərnişin daşımaq üçün istifadə təhlükəsizlik qaydalarının pozulması hesab olunur.
Liftlərlə bağlı bədbəxt hadisələrin əsas səbəbləri sırasında texniki baxışların vaxtında keçirilməməsi, köhnəlmiş avadanlıqların yenilənməməsi, təhlükəsizlik sistemlərində nasazlıqlar, təmir zamanı qaydaların pozulması və liftdən təyinatına uyğun istifadə edilməməsi göstərilir.
Mütəxəssislərin fikrincə, ictimai obyektlərdə liftlərin təhlükəsiz istismarı yalnız obyekt sahiblərinin deyil, həm də nəzarətedici qurumların məsuliyyətindədir. Vaxtında aparılan texniki yoxlamalar və təhlükəsizlik tələblərinə ciddi əməl olunması həm avadanlığın istismar müddətini uzadır, həm də insan həyatı üçün yarana biləcək riskləri minimuma endirməyə kömək edir.\\musavat.com













