"Azparking bəlkə də dünyanın ən “rasxodsuz” biznesidir. Yolu dövlət çəkir, sən sadəcə xətt çəkib pul yığırsan".
NOCOMMENT.az xəbər verir ki, bu sözləri jurnalist Məhəmməd Türkmən paytaxtda fəaliyyət göstərən ödənişli parklanma sisteminin fəaliyyət prinsiplərini tənqid edərkən deyib.
Jurnalist rəqəmsal parklanma sistemində vətəndaşların maraqlarının nəzərə alınmadığını və ödəniş mexanizminin sürücülərin ziyanına işlədiyini vurğulayıb. Onun sözlərinə görə, mövcud sistemdə bir neçə dəqiqəlik vaxt aşımına görə bütöv bir saatın pulunun alınması ədalətsiz qazanc formalaşdırır:
“Vətəndaş 1 saat 1 dəqiqə saxladısa, 2 saatın pulunu alırsan. Sonra həmin yerə başqa maşın gəlir, qalan 59 dəqiqəni ona da satırsan. Mayası olmayan satışdır. Bu qədər qazancın yanında bir dəfə də vətəndaşın tərəfində olun. 1 saat 6 dəqiqə saxlayıbsa, sürücü niyə 2 saatın pulunu ödəməlidir?”
Qeyd edək ki, hazırda tətbiq edilən sistemə görə, parklanma yerlərində ilk 15 dəqiqə pulsuz olsa da, bu müddət bitdikdən sonra hesablama saatlıq tariflərlə aparılır. Sürücülər və ekspertlər də dəfələrlə ödənişlərin saat hesabı ilə deyil, faktiki dayanma müddətinə uyğun olaraq – dəqiqəbəşərf (pro-rata) forması ilə hesablanmasının daha ədalətli olacağını bəyan ediblər. Hazırkı mexanizm isə bir çox hallarda eyni parklanma yerinin eyni saat daxilində bir neçə fərqli sürücüyə dublikat şəkildə "satılması" mənzərəsini ortaya çıxarır ki, bu da ictimaiyyətdə ciddi narazılıq doğurmaqda davam edir.
Sara,











