Qurban bayramı günlərində havanın necə olacağı açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin ilkin proqnozlarına əsasən, 27-28-29-30 və 31 may tarixlərində ölkə ərazisində hava şəraitinin əsasən sabit və mülayim keçəcəyi gözlənilir.
Bəzi bölgələrdə qısamüddətli yağış ehtimalı olsa da, əksər rayonlarda günəşli hava üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Temperaturun gündüz saatlarında 24-29 dərəcə isti olacağı proqnozlaşdırılır.
Regionlarda isə hava daha isti keçəcək. Aran rayonlarında temperaturun bəzi yerlərdə 30-33 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Dağlıq və dağətəyi ərazilərdə isə axşam saatlarında qısamüddətli yağış və şimşək ehtimalı var.
Meteoroloqlar vətəndaşlara bayram günlərində açıq havada istirahət planlaşdırarkən günün isti saatlarında günəşdən qorunmağı tövsiyə edir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda 2026-cı ildə Qurban bayramı 27 və 28 may tarixlərində qeyd olunacaq.
NOCOMMENT.az











