Çin istehsalı elektrik və hibrid avtomobillərin təhlükəsizliyi sual altındadır – Ekspertlərdən XƏBƏRDARLIQ

Çin istehsalı elektrik və hibrid avtomobillərin təhlükəsizliyi sual altındadır – Ekspertlərdən XƏBƏRDARLIQ

Son zamanlar Azərbaycanda Çin istehsalı elektrik və hibrid avtomobillərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır. Xüsusilə bəzi qəzalar zamanı hava yastıqlarının açılmaması barədə yayılan görüntülər sürücülər arasında təşviş yaradıb.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan mütəxəssislər bildirirlər ki, Çin avtomobillərinin təhlükəsizlik səviyyəsi markadan markaya ciddi şəkildə dəyişir.

Avtomobil üzrə ekspert Nicat Əliyev deyir ki, Çin bazarında minlərlə fərqli model mövcuddur və onların keyfiyyəti arasında böyük fərq var:

“BYD, Geely, Changan, MG kimi böyük markalar Avropa çarpışma testlərindən yüksək ballarla keçib və təhlükəsizlik baxımından rəqiblərindən geri qalmır. Lakin bazarda keyfiyyəti şübhəli olan modellər də var. Onlarda hava yastıqlarının açılmaması və zərbəni udma zonalarının zəif olması real təhlükə yaradır”.

Nicat Əliyev əlavə edir ki, xüsusilə ucuz modellərdə qəza sensorları keyfiyyətsiz olur və bu, hava yastıqlarının işə düşməməsinə səbəb ola bilər.

Elektrik və hibrid avtomobillər üzrə ixtisaslaşmış usta Rəşad Qasımov isə batareya təhlükəsizliyinə diqqət çəkir.

“Keyfiyyətli modellərdə batareya gücləndirilmiş metal konstruksiya ilə qorunur və qəza zamanı alovlanma riski minimal olur. Lakin bəzi Çin avtomobillərində batareya açıq vəziyyətdədir və kiçik zərbə belə yanğın riski yaradır” , – deyə Qasımov bildirib.

Usta həmçinin qeyd edib ki, bəzi Çin avtomobillərində ABS və ESP kimi əsas təhlükəsizlik sistemləri stabil işləmir.

Mütəxəssisin sözlərinə görə, Avropa və Yaponiya istehsalı elektrik və hibrid avtomobillər təhlükəsizlik testlərində daha stabil nəticələr göstərir, Cənubi Koreya modelləri də etibarlıdır:

“Avtomobil seçərkən modelin çarpışma testləri, hava yastıqlarının sayı, elektron təhlükəsizlik sistemlərinin çeşidi və batareya qorumasının səviyyəsinə diqqət yetirməyi tövsiyə edirlər. Çin istehsalı avtomobillərin hamısını birmənalı şəkildə “təhlükəli” adlandırmaq düzgün deyil. Lakin test olunmamış, ucuz və naməlum markaların modelləri real təhlükə yarada bilər və bu səbəbdən seçim zamanı yalnız qiymətə deyil, təhlükəsizlik göstəricilərinə diqqət yetirmək mütləqdir.”