Xəzər dənizində suyun səviyyəsinin azalması boğulma riskini artırır. Çünki su çəkildikcə hövzənin dib quruluşu dəyişir.
NOCOMMENT.az məlumatına görə, Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, dənizin səviyyəsinin azalması suyun temperaturuna da təsirsiz ötüşmür.
Onun sözlərinə görə, suyun temperaturunda kəskin dəyişikliklər dənizdə təhlükəsizlik baxımından nəzərə alınmalı amillərdəndir.
Mütəxəssislər qeyd edirlər ki, Xəzərdə suyun səviyyəsinin azalması nəticəsində əvvəllər su altında qalan bəzi sahələrdə çökəkliklər və digər təhlükəli ərazilər yaranır. Bu isə xüsusilə suyun dərinliyini düzgün qiymətləndirə bilməyən şəxslər üçün risk yaradır.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır.
Qeyd edək ki, bu il Azərbaycanda çimərlik mövsümü başlayandan qeyri-çimərlik ərazilərdə suda batan 40-dan çox şəxsin meyiti aşkarlanıb. Xezerxeber.az










