Havalar isindikcə Bakı bazarlarında yay mövsümünün “ən cazibədar siması” olan qarpız da piştaxtalarda görünməyə başlayıb. İyun ayı hələ təqvimdə yerini almamış olsa da, alça, çiyələk və gilasla yanaşı, artıq qarpız da satışa çıxarılıb. Bir tərəfdə yayın dadına tez çatmaq istəyən alıcılar, digər tərəfdə isə “hələ mövsümü deyil” deyib ehtiyatlananlar var. Məsələ isə təkcə dad və istək deyil, erkən yetişən qarpızların sağlamlığa təsiri barədə suallar getdikcə daha çox gündəmə gəlir. Bəs mövsümündən əvvəl süfrəyə gələn və kilosu 2 manat 50 qəpiyə satılan bu iri giləmeyvə həqiqətən yay sevincidir, yoxsa riskli seçim?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida eksperti Ağa Salamov qeyd edib ki, süni şəkildə tezləşdirilmiş üsullarla yetişdirilən qarpızlar insan orqanizmi üçün ciddi təhlükə mənbəyidir: "Mövsümündən çox əvvəl satışa çıxarılan qarpızların tərkibində vaxtından tez yetişməsi və rəng alması üçün azotlu gübrələrdən, xüsusən də nitratlardan normadan artıq istifadə olunur. Bu cür kimyəvi maddələrlə zəngin olan qarpızları istehlak etmək ağır zəhərlənmələrə, mədə-bağırsaq traktının pozulmasına və xüsusilə uşaqlar, eləcə də hamilə qadınlar üçün dözülməz fəsadlara yol aça bilər".
Onun sözlərinə görə, təbii şəraitdə yetişməyən qarpızları zahiri görünüşünə və dadına görə də asanlıqla fərqləndirmək mümkündür: "Həqiqi və sağlam qarpızın öz mövsümü var, bu da əsasən iyul ayının sonu və avqust aylarına təsadüf edir. Hazırda satılan erkən qarpızları kəsərkən daxilindəki ağ və ya sarımtıl damarların çoxluğu, eləcə də dadının dadsız, rənginin isə qeyri-təbii dərəcədə tünd qırmızı olması kimyəvi müdaxilənin bariz göstəricisidir. Alıcılara məsləhət görürəm ki, qiyməti baha, riski isə daha böyük olan bu məhsulları almağa tələsməsinlər və həm özlərinin, həm də yaxınlarının sağlamlığını təhlükəyə atmasınlar".
Tunar,
NOCOMMENT.az











