Ermənistan hökumətinin yeni konstitusiya layihəsinin dərcini müxtəlif bəhanələrlə süni şəkildə yubatması, İrəvanın Azərbaycanla yekun sülh sazişinin imzalanması prosesini açıq şəkildə sabotaj etdiyini və növbəti diplomatik manipulyasiyaya əl atdığını nümayiş etdirir. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın yeni konstitusiyanın mətninin hələ də rəylərin toplanması bəhanəsi ilə hazır olmadığını iddia etməsi rəsmi İrəvanın növbəti siyasi yalanıdır.
Srbuhi Qalyan bildirir ki, Ədliyyə Nazirliyi digər rəsmi strukturlardan rəy və qeydlərin gəlməsini gözləyir və bu sənəd hakim "Mülki Müqavilə" partiyasının idarə heyətinin iclasında müzakirə olunub. Nazir ümumiləşdirmə prosesi üçün bir-iki həftə vaxt istəyir və bundan sonra mətnin dərc olunub-olunmayacağının bəlli olacağını qeyd edir. Lakin biz yaxşı xatırlayırıq ki, xanım Qalyan hələ 2026-cı ilin mart ayında yeni Konstitusiya mətninin tam hazır olduğunu və həmin ayın sonuna qədər ictimaiyyətə dərc ediləcəyini rəsmən açıqlamışdı. Mart ayında sənədin hazır olduğunu bəyan edən bir nazirin indi, yay aylarında qəfildən "rəylər gözləyirik" bəhanəsi ilə çıxış etməsi Nikol Paşinyan hakimiyyətinin konstitusiya islahatları məsələsini qəsdən yubatdığına heç bir şübhə yeri qoymur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, İrəvanın bu ləngitmə taktikası Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması qarşısında ən böyük əngəldir: "Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin qəti və dəyişməz mövqeyi bəllidir. Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndlər, xüsusən də Ermənistanın Müstəqillik Bəyannaməsinə edilən istinadlar tamamilə ləğv olunmalı, ölkədə yeni konstitusiya qəbul edilməlidir. Bu hüquqi dəyişiklik baş vermədən Bakı ilə İrəvan arasında hər hansı real sülh müqaviləsinin imzalanması qeyri-mümkündür".
Onun sözlərinə görə, Paşinyan hakimiyyəti seçkilərdə qalib gəlib hökuməti təkbaşına qursa da, revanşist müxalifətin və cəmiyyətin radikal kəsiminin təzyiqlərindən qorxduğu üçün referendumu gecikdirməyə çalışır: "Konstitusiya mətninin dərcini yubatmaqla onlar vaxt qazanmaq və sülh masasında Bakıya qarşı süni bəhanələr irəli sürmək məqsədi güdürlər. Lakin erməni tərəfi anlamalıdır ki, bu cür bəsit hüquqi və siyasi oyunlar Azərbaycanın qətiyyətli mövqeyini dəyişməyəcək. Ermənistan rəhbərliyi sabotaj cəhdlərinə son qoymalı, mart ayında vəd etdiyi konstitusiya mətnini dərhal dərc edərək real sülh addımları atmalıdır. Əks təqdirdə, regionda yaranacaq növbəti gərginliyin mütləq məsuliyyəti birbaşa İrəvanın üzərinə düşəcəkdir".
Tunar,
NOCOMMENT.az










