Ermənistan bu kəndi Azərbaycana qaytarır

Ermənistan bu kəndi Azərbaycana qaytarır

Ermənistan demarkasiya çərçivəsində Qazaxın anklav Yuxarı Əskipara kəndini Azərbaycana təhvil verməyə hazırlaşır. Musavat.com “Hraparak” nəşrinə istinadla xəbər verir ki, əgər sərhədlərin müəyyənləşdirilməsi davam edərsə, təkcə Verin Voskepar ərazisi deyil, həm də dövlətlərarası magistral yolun Kirants-Voskepar hissəsinin bəzi hissələri Azərbaycana veriləcək.

NOCOMMENT.az-ın xəbərinə görə, Erməni mediası bildirir ki, bundan sonra Tavuş rayonunun mərkəzi olan İcevanın Noyemberyan icması ilə nəqliyyat əlaqəsi çətinləşəcək. Bildirilir ki, bu halda İcevan-Noyemberyan yoluna alternativ Yenokavan-Karmirgyugh-Jujevan avtomobil yoludur. Yolun qalan böyük hissəsinin isə hələ də tikintisinə ehtiyac var. “Hraparak” yazır ki, geodeziya mütəxəssisləri iki aydan çoxdur yolun tikintisi üzərində işləyir. “Hər xırda məsələdən böyük təbliğat səs-küyü çıxaran hökumət, 67 kilometr uzunluğunda və 14 milyard 670 milyon dram dəyərində avtomobil yolunun əsaslı təmir işləri barədə ictimaiyyəti məlumatlandırmayıb.

Bunun səbəbi İcevan-Noyemberyan yoluna alternativ olan Yenokavan-Karmirgyugh-Cujevan avtomobil yolunun əsaslı təmiri barədə məlumat alan ictimaiyyətin yaxın gələcəkdə sərhəd demarkasiyasının davam etdirilməsi ilə Yuxarı Əskiparanın Azərbaycan anklavı elan edilməsindən və Kirants-Voskepar yolunun bir çox hissəsinin Azərbaycana təhvil veriləcəyindən narahat olmasıdır. Bu ərazidə yaşayan insanlar bu təhvilvermənin Ermənistan üçün böyük təhlükələr yaratdığını çox yaxşı bilirlər”, - deyə erməni nəşri yazıb.

Mayın 30-da Əskipara kəndində keçirilən seçkiqabağı görüşdə baş nazir Nikol Paşinyan kənd meydanında toplaşan sakinlərə demarkasiya prosesinin başa çatdırılmasını ən vacib vəzifələrdən biri hesab etdiyini söyləyib. O, demarkasiya nəticəsində Azərbaycanla sərhəd yaxınlaşmasının təhlükəsizlik risklərini yaratmadığını əminliklə vurğulayıb. Paşinyan deyib ki, Yuxarı Əskiparada dövlət dəstəyi və 21 milyon dram dəyərində kredit maliyyələşdirməsi ilə fərdi evlər tikilir. Baş nazir bununla erməni sakinlərin azərbaycanlılarla daha yaxın qonşu kimi yaşamağa hazır olmalarını anons edib.

Qeyd edək ki, Yuxarı Əskipara Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklavdan biridir. Digər kəndlər isə Qazaxın Sofulu Barxudarlı və Naxçıvanın Kərki kəndidir. Yuxarı Əskipara kənd 8 iyun 1992-ci ildən Ermənistanın işğalı altındadır. Kəndin dörd tərəfi dağlarla əhatə olunub, meşəliklə örtülüdür, çoxlu mineral bulaqları var. Kənd ada şəklində Ermənistan ərazisində yerləşib. Aşağı Əskiparadan erməni Əskiparası (və ya Sarxan) vasitəsilə ayrılır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 637 nəfər əhali yaşayır. (musavat.com)