AQTA sədri Qoşqar Təhməzli bildirib ki, Azərbaycanda heyvanların erkən kəsiminə qarşı yeni tədbirlər hazırlana bilər. Sədr əlavə edib ki, bir yaşına çatmamış heyvanların kəsilməsi həm qida keyfiyyətinə, həm də heyvandarlığın inkişafına mənfi təsir göstərir. O qeyd edib ki, hazırda “Erkən kəsimə son” maarifləndirmə kampaniyası həyata keçirilir və identifikasiya prosesi başa çatdıqdan sonra heyvanların yaşı, cinsi və çəkisinə uyğun kəsim qaydalarının tətbiqi nəzərdən keçiriləcək.
Bəs bir yaşına çatmamış heyvanların kəsilməsinin qarşısının alınması gələcəkdə heyvandarlığın inkişafına necə təsir göstərəcək?
NOCOMMENT.az xəbər verir ki, kənd təsərrüfatı üzrə mütəxəssis Cəfər İbrahimli Demokrat.az-a açıqlamasında bildirib ki, məsələ əsasən xırdabuynuzlu heyvanların erkən kəsimi ilə bağlıdır.
“İribuynuzlu heyvanlarda belə bir problem demək olar ki, müşahidə olunmur. Xırdabuynuzlu heyvanların erkən kəsilməsinin iki əsas iqtisadi səbəbi var. Birincisi, bazarda buna olan tələbatdır. Tələb-təklif prinsipi baxımından insanlar cavan quzu ətinə üstünlük verdikləri üçün fermerlər də bu tələbi qarşılamağa çalışırlar. İkinci səbəb isə ölkənin təbii şəraiti, flora və faunası, eləcə də heyvandarlığın mövsümi xüsusiyyətləri ilə bağlıdır.
Belə ki, heyvanlar doğulduqdan təxminən 4-5 ay sonra, may ayının sonlarına doğru yaylaqlara aparılır. Böyük təsərrüfatlar isə erkək quzuları yaylağa aparmaqda maraqlı olmurlar. Çünki həmin quzuları erkən yaşda daha yüksək qiymətə sata bilirlər.
Bundan əlavə, onların daşınması və saxlanması əlavə xərc tələb etdiyindən fermerlər altı aydan kiçik erkək quzuları satmağa üstünlük verirlər. Yaylağa getməyən, qışlaqda qalan təsərrüfatlarda isə yay aylarında havaların isti keçməsi heyvanların normal çəki almasına mane olur. Nəticədə fermerlər payızadək gözləməli olurlar ki, heyvan müəyyən qədər çəki yığsın. Bu isə əlavə yem, qulluq və digər xərclər yaradır. Fermer baxımından erkən satış daha sərfəli hesab olunur, xüsusilə də heyvanı kiçik yaşda daha yüksək qiymətə satmaq mümkün olduqda”.
Ekspert digər vacib məqamın kəsimə əsasən erkək heyvanların göndərildiyini əlavə edib:
“Dişi heyvanların böyük hissəsi damazlıq məqsədilə saxlanıldığı üçün onların kəsimi geniş yayılmayıb. Buna görə də erkək heyvanların erkən kəsilməsi təsərrüfatdakı baş sayının artımına ciddi mənfi təsir göstərmir. Bununla belə, erkən kəsimin müəyyən mənfi tərəfləri də var. Mütəxəssislərin qeyd etdiyi kimi, bu, ətin qida dəyərinə təsir göstərir. Eyni zamanda ölkədə istehsal olunan ətin ümumi həcmi azalır.
Məsələn, bir heyvan 20-25 kiloqramlıq canlı çəkiyə çatdıqdan sonra kəsildikdə əldə olunan ət miqdarı ilə 10-12 kiloqram çəkidə kəsildikdə əldə olunan ət miqdarı arasında ciddi fərq yaranır. Nəticədə ölkə üzrə ümumi ət istehsalının həcmi aşağı düşür ki, bu da iqtisadi baxımdan arzuolunan hal deyil. Bu problemin inzibati qadağalarla həll olunmasının çətin olduğunu düşünürəm. Daha effektiv yol fermerlərin və istehlakçıların maarifləndirilməsidir. Sevindirici haldır ki, son dövrlərdə bu istiqamətdə maarifləndirmə işlərinə artıq başlanılıb”.
Qeyd edək ki, son dövrlərdə ətin qiymətində davamlı olaraq artım müşahidə olunur. Ölkə bazarında mal və qoyun ətinin bahalaşması həm istehlakçıların büdcəsinə təsir edir, həm də fermerlərin xərclərinin artması ilə izah olunur. Yem qiymətlərinin yüksəlməsi və təsərrüfat xərclərinin artması fonunda erkən kəsim qaydalarına ediləcək müdaxilələr də bazardakı ümumi qiymət siyasətinə birbaşa təsir göstərə bilər.











