İlahiyyatçı: Problem sosial şəbəkələrdən də qaynaqlanır

İlahiyyatçı: Problem sosial şəbəkələrdən də qaynaqlanır

Bakıda bir qrup gənc qızın məzarlıq ərazisində rəqs etməsi, müxtəlif pozalarda şəkillər çəkdirərək həmin görüntüləri sosial şəbəkələrdə paylaşması müzakirələrə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi bu davranışı dünyasını dəyişənlərin xatirəsinə və milli-mənəvi dəyərlərə hörmətsizlik kimi qiymətləndirib, digərləri isə bunun etik sərhədləri aşdığını bildirib. Hadisə cəmiyyətdə məzarlıqlarda davranış qaydaları, sosial şəbəkələr naminə sərgilənən hərəkətlər və mənəvi dəyərlərə münasibətlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəs məzarlıq ərazisində bu cür davranışlar etik və mənəvi baxımdan necə qiymətləndirilməlidir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, indiyə qədər həm adət-ənənələrimizdə, həm də islam dininin bizə öyrətdiyi mədəniyyətdə məzarlığa qarşı xüsusi hörmət qorunub saxlanılır:

“Məzarlıq hər bir xalqın tarixi yaddaşını, ailə xatirələrini və mənəvi kimliyini yaşadan müqəddəs məkanlardan biridir. Dünyanın müxtəlif din və mədəniyyətlərində qəbiristanlıqlar sadəcə torpaq sahəsi deyil, insan ömrünün son dayanacağını xatırladan, həyatı və ölümü düşündürən, insanı məsuliyyətə çağıran məkan kimi qəbul edilir. Azərbaycanda da əsrlər boyu formalaşmış dini və milli ənənələr məzarlığa hörmətlə yanaşmağı mənəvi borc hesab edib. Bakıda bir qrup gəncin məzarlıqda rəqs etməsi, müxtəlif pozalarda şəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşması cəmiyyətdə haqlı narahatlıq yaradıb. Bu məsələyə yalnız dini prizmadan deyil, həm də etik, hüquqi, psixoloji və sosioloji baxımdan yanaşmaq lazımdır. Qurani-Kərim insan həyatına və insan ləyaqətinə böyük dəyər verir. Allah təala İsra surəsinin 70-ci ayəsində belə buyurur: "Biz Adəm övladını hörmətli etdik". Bu ayə göstərir ki, insanın ləyaqəti yalnız həyatda olduğu müddətdə deyil, vəfatından sonra da qorunmalıdır. İslam hüququnda meyitin hörmətinin diri insanın hörməti ilə eyni səviyyədə qiymətləndirilməsi də məhz bu prinsipdən qaynaqlanır. Peyğəmbərimiz (ona və ailəsinə salam olsun) buyurur: "Meyitin sümüyünü sındırmaq diri ikən onun sümüyünü sındırmaq kimidir". Bu hədisi imam Əhməd, Əbu Davud rəvayət edib, bir çox hədis alimləri onu səhih hesab ediblər. Hədis göstərir ki, İslam ölən insanın bədəninə, qəbrinə və xatirəsinə hörmət göstərilməsini vacib mənəvi prinsip kimi qəbul edir”.

İlahiyyatçı deyib ki, başqa bir hədisdə Peyğəmbər (s.ə.s) qəbirlərin üzərində oturmağı və onları təhqir edəcək davranışlardan çəkinməyi tövsiyə edib:

“Bu hədislər göstərir ki, qəbiristanlıq əyləncə və nümayiş məkanı deyil, düşünmək, dua etmək və faniliyi xatırlamaq yeridir. İndiyə qədər olan bütün İslam alimləri də bu məsələdə ortaq mövqe ortaya qoyublar. Alimlər qeyd edirlər ki, qəbiristanlıqda insanı və ölünü hörmətdən salacaq bütün davranışlardan uzaq durmaq müsəlmanın əxlaqının tələblərindəndir. Mən də belə düşünürəm ki, ölünün hörmətini qorumaq diri insanın hüquqlarını qorumağın davamıdır. Lakin burada mühüm bir məqama da diqqət yetirməliyik. Belə hadisələr baş verəndə cəmiyyət emosional reaksiya verir, həmin şəxsləri ağır şəkildə təhqir edir, linç etməyə çalışır. Mən bu yanaşmanı da doğru hesab etmirəm. Çünki məqsəd insanı alçaltmaq yox, cəmiyyətdə düzgün davranış mədəniyyətini formalaşdırmaq olmalıdır. Səhvi izah etmək başqa, insanı təhqir etmək isə tamam başqa məsələdir. Psixoloqlar son illər sosial şəbəkələrin insan davranışına ciddi təsir göstərdiyini qeyd edirlər. Xüsusilə gənclər arasında bəyənilmə, izləyici qazanmaq və diqqət mərkəzində olmaq istəyi bəzən etik sərhədlərin aşılmasına səbəb olur. Bu artıq təkcə dini deyil, sosial psixologiyanın da araşdırdığı problemlərdəndir”.

Onun sözlərinə görə, insan bəzən paylaşım naminə etdiyi hərəkətin cəmiyyətə necə təsir etdiyini düşünmür:

“Məzarlıqda bu cür davranışlar milli-mənəvi dəyərlər baxımından da qəbul edilə bilməz. Çünki hər qəbir bir ailənin ağrısını, xatirəsini və tarixini daşıyır. Orada nümayiş xarakterli davranışlar yalnız bir məzara deyil, bütövlükdə cəmiyyətin mənəvi hisslərinə toxunur. Hüquqi baxımdan isə məsələ konkret hadisənin mahiyyətindən asılıdır. Əgər məzarlar dağıdılıb, qəbir daşlarına zərər vurulub, təhqiredici hərəkətlər edilib və ya ictimai asayiş pozulubsa, Azərbaycan Respublikasının qanunvericiliyində inzibati və ya cinayət məsuliyyəti yarana bilər. Xüsusilə qəbirlərin və qəbiristanlıqların qəsdən təhqir olunması, onlara ziyan vurulması hüquqi qiymətləndirmə predmeti ola bilər. Əgər davranış yalnız etik normaların pozulması səviyyəsində qalıbsa, bu halda hüquqi məsuliyyətdən daha çox ictimai qınaq və mənəvi məsuliyyət ön plana çıxır. Hadisənin hüquqi qiyməti isə hüquq mühafizə orqanlarının araşdırmasından sonra müəyyən edilir. Mən uzun illərdir müxtəlif çıxışlarımda bir fikri vurğulayıram. Dini dəyərləri qorumaq təkcə məsciddə ibadət etməklə ölçülmür. İnsanın yaşadığı cəmiyyətə, tarixə, qəbiristanlıqlara, şəhid məzarlarına, valideynlərinin və yaxınlarının xatirəsinə münasibəti də onun mənəviyyatının göstəricisidir. Qurani-Kərim insanı daim düşünməyə, ibrət almağa çağırır. Qəbiristanlıqlar isə həyatın faniliyini xatırladan ən böyük məktəblərdən biridir. Belə hadisələrin qarşısını yalnız cəza ilə almaq mümkün deyil. Ailədə verilən tərbiyə, məktəbdə formalaşan dəyərlər, dini maarifləndirmə, media və sosial şəbəkələrdə məsuliyyətli davranış mədəniyyəti birlikdə inkişaf etdirilməlidir. İnsan öləndən sonra da onun ləyaqətinə hörmət göstərmək həm dinimizin, həm milli adətlərimizin, həm də ümumbəşəri əxlaqın əsas prinsiplərindən biridir. Cəmiyyət də bu prinsipləri qorumağı bacarmalıdır”.