"Gəl, görüm, Ayaz Salayev! Gəl çıx qarşıma! Şəxsən mən Azərbaycanda rus dilində təhsilin tamamilə dayandırılması üçün əlimdən gələni edəcəyəm. Bu məsələdə bir addım belə geri çəkilmək fikrim yoxdur".
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Azər Həsrət kinorejissor Ayaz Salayevin dediyi fikirlərə cavab olaraq deyib.
O vurğulayıb ki, rus dili imperiya dilidir:
"Təcavüzkar bir imperiyanın dilidir. Bu dil bizə könüllü şəkildə, sevgi ilə gəlməyib, zorla gətirilib. Üstəlik, həmin dilin ardınca onun daşıyıcılarının mədəniyyətini, dırnaqarası "mədəniyyətini" də bizə sırımağa çalışıblar. Təəssüf ki, buna müəyyən dərəcədə nail də ola biliblər. Elə Ayaz Salayev kimi adamların yetişməsi də məhz həmin işğalçılıq və təcavüz siyasətinin nəticəsidir.
Baxın, insan öz kökündən nə qədər qopa bilər ki, öz millətinə qarşı çıxaraq başqa bir milləti, yəni istər rus olsun, istər ingilis - fərqi yoxdur, müdafiə etməyə qalxsın və böyük-böyük bəyanatlar versin ki, "mən onların qarşısına çıxacağam". Gəlsin, mənim qarşıma çıxsın".
Azər Həsrətin fikrincə, Azərbaycanda, dövlət hesabına fəaliyyət göstərən rus məktəbləri olmamalıdır:
"Çünki həmin məktəblər beyin yumaqla məşğuldur. Heç kim çıxıb mənə deməsin ki, guya orada sadəcə dil və mədəniyyət öyrədilir. Biz heç kimin dil öyrənməsinə, o cümlədən rus dilini öyrənməsinə qarşı deyilik. Amma uşağın 11 il ərzində tamamilə rus dilində təhsil alması artıq dil öyrənmək deyil, beyin yumaqdır. İkincisi, şəxsi müşahidələrim də göstərir ki, rus məktəbində oxuyanların ailələrində çox vaxt rus dilində danışılır, küçədə dostları və tanışları ilə də rus dilində ünsiyyət qururlar. Yəni bu insanların yadına Azərbaycanın dövlət dili, demək olar ki, düşmür. Məgər bu təhlükə deyilmi? Məgər bu, milli kökdən qopmaq deyilmi? Məhz buna görə də düşünürük ki, Azərbaycanda rus məktəbləri ləğv edilməlidir. Müstəqil Azərbaycan dövlətinin bir dövlət dili var – Azərbaycan dili. Məktəblər də həmin dildə fəaliyyət göstərməlidir.
Ayaz Salayev kimi adamlar da zamanla gedəcəklər. "Çingiz Aytmatovun dilidir", "Rüstəm İbrahimbəyovun dilidir" və sair kimi arqumentlər irəli sürülür. Amma vaxtilə bu dil hakim olduğuna görə insanlar həmin dildə yazıb-yaradıblarsa, bu o demək deyil ki, biz də bu istiqamətdə davam etməliyik. Onlar imperiyanın hökmü altında yaşadıqları üçün və müəyyən məcburiyyətlər səbəbindən o dildə yazıb-yaradıblar. Bu gün isə bizim nə imperiyaya, nə də ruslara xidmət etmək kimi bir məcburiyyətimiz var. Ayaz Salayevin artıq bunu anlamasının vaxtı çatıb".
Xatırladaq ki, Əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev "Yazılan və yozulan" verilişində deyib:
"Nə vaxtsa kimsə yenə də rus bölməsini bağlamaq məsələsini qaldırsa, mən o dəqiqə döyüşməyə hazıram, o dəqiqə! Hələ ki, mən sağam, rus məktəblərini söküb-dağıtmaq istəsələr, qabağında dayanmağa hazıram".
Rejissorun bu fikirləri müzakirələrə səbəb olub.











