“Hər iki Vətənim üçün çalışmaq mənim borcumdur” – MÜSAHİBƏ / VİDEO

“Hər iki Vətənim üçün çalışmaq mənim borcumdur” – MÜSAHİBƏ / VİDEO

NOCOMMENT.az Türkiyədə yaşayan azərbaycanlı sənətçi Roza İbadova Kocamaz ilə müsahibəsini təqdim edir:

– Roza xanım, sizi bir az daha yaxından tanıyaq.

— Mən Roza İbadova Kocamaz, Qarabağ uğrunda döyüşlərdə son günə qədər mübarizə aparan, Vətən və torpaq sevgisi ilə yoğrulan bir ailənin qızıyam. Bu duyğular mənim həyatımın, sənətimin və seçimlərimin əsasını təşkil edir.

– Türkiyəyə gəlişiniz necə baş verdi?

— Türkiyəyə gəlməyimin səbəbi ailə həyatımla bağlıdır. On il öncə həyat yoldaşım Azərbaycana səfər etmişdi. O zaman mən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır, eyni zamanda İctimai TV-də uşaqlar üçün yayımlanan “Hoqqabaz” adlı verilişin aparıcısı idim. Yoldaşım məni həmin verilişdə görüb, adımı-soyadımı araşdıraraq bir neçə ay sonra teatra gələrək tamaşalarımı izləməyə başladı. Beləcə, bu hekayə gözəl bir evliliklə nəticələndi. O, mərhəmətli, vicdanlı və Allah sevgisi olan bir insandır.

Türkiyəyə – İzmir şəhərinə köçdükdən qısa müddət sonra oranın ən böyük özəl teatrlarından biri olan HAN Teatrında fəaliyyətə başladım. O gündən bu günə qədər həm aktrisa, həm rejissor, həm də pedaqoq kimi bir çox layihələrdə yer almışam.

– Həm Azərbaycanda, həm də Türkiyədə səhnə təcrübəniz var. Bu iki ölkə arasında fərq hiss edirsinizmi?

— Bəxtiyar Vahabzadənin dediyi kimi:

> “Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu —
Azərbaycan-Türkiyə…”

Bu iki xalq bir can, bir ürəkdir. Lakin səhnə dili baxımından bəzən çətinliklər olur. Dilimiz nə qədər bənzər olsa da, səhnədə şivə fərqləri hiss olunur. Bu səbəbdən üzərimdə daim çalışıram. Bəzən özümü Arafda hiss edirəm: Azərbaycana gedirəm, İzmir üçün darıxıram; Türkiyəyə dönürəm, bu dəfə Vətən üçün…

– Beynəlxalq layihələrdə də iştirak etmisiniz. Bir az onlardan danışaq.

— 2019-cu ildə atam xərçəng xəstəliyindən vəfat etdikdən sonra bir müddət sənətdən uzaqlaşdım. Lakin daha sonra türk əsilli rejissor Engin Kundağın Almaniyada çəkdiyi “Ağrı Dağ” filmində rol aldım. Baş rolu Azərbaycanın Əməkdar artisti Rasim Cəfər ifa edirdi. Film 73-cü Berlin Film Festivalında iştirak etdi.

Bundan əvvəl Teymur Hacıyevin “Şanxay, Bakı” adlı qısametrajlı filmində baş rolda oynamışdım. Bu film bir sıra beynəlxalq festivallarda, o cümlədən Boğaziçi Film Festivalında mükafatlar qazandı.

Türkiyədə yaşadığım dövrdə isə Teymur Qəmbərovun “Quxuroba” filmində rol aldım və həmin film də bir çox festivallarda uğurla çıxış etdi.

Ssenarist Orxan Muxtarlının “Yolayrıcında” adlı monoloqunu səhnələşdirib, bir neçə teatrda nümayiş etdirdim. Buradakı tamaşaçılara Xocalı, 20 Yanvar kimi faciələrimizi, xalqımıza edilən zülmü çatdırmaq istəyirdim. Bunu bacardım və bu istiqamətdə işimi davam etdirirəm.

– Sizin həm də pedaqoji fəaliyyətiniz var.

— Bəli, son illərdə təhsilə xüsusi önəm verirəm. Türkiyənin bir çox şəhərlərində, o cümlədən Ege bölgəsində, Ankarada və İstanbulda Azərbaycan-Türkiyə dostluğunu təbliğ edən proqramların təşkilində fəal iştirak edirəm.

İzmirdəki Heydər Əliyev adına Peşə və Texniki Lisey şagirdləri ilə ortaq layihələr həyata keçirmişik. Həmin layihələr Azərbaycan və Türkiyənin Təhsil Nazirlikləri, eləcə də Ankaradakı səfirliyimiz tərəfindən yüksək qiymətləndirilib.

Bu illər ərzində gördüyüm işlərə görə müxtəlif bələdiyyələr, dərnəklər və Valilik tərəfindən təşəkkürnamələr və mükafatlara layiq görülmüşəm. 2018-ci ildə Moskvada keçirilən XII Beynəlxalq Teatr Yay Məktəbində Türkiyəni təmsil etmiş və diplomla təltif olunmuşam.

– Sizi bu yolda ruhlandıran insanlar kimlər olub?

— Mənə sənətdə yol göstərən bütün müəllimlərimə minnətdaram. Xüsusilə Azərbaycanın Xalq artisti Cənnət xanım Səlimovaya. Onun yetişdirdiyi istedadlı insanlar bu gün dünyanın bir çox ölkəsində fəaliyyət göstərirlər. Bu, qürurverici haldır.

Eləcə də mənə ilk baş rolu – “Oliver Twist” tamaşasında Oliver obrazını etibar edən mərhum Vaqif Əsədova daima minnətdar olacağam. Məkanı cənnət olsun.

– Gələcəyə dair arzularınız nələrdir?

— Həyat bizə nələr gətirəcək, hansı ölkədə fəaliyyətimizi davam etdirəcəyik, bunu zaman göstərəcək. Amma bir şeyi dəqiq bilirəm: dünyanın harasında yaşasam da, hər iki vətənimi — həm Azərbaycanı, həm Türkiyəni tanıtmaq, adət-ənənəsinə sahib çıxmaq və ailə dəyərlərini qorumaq mənim borcumdur.

– Son olaraq oxucularımıza nə demək istərdiniz?

— Sizə və bütün oxucularınıza diqqətiniz üçün təşəkkür edirəm. Həyatda hər şey gəlib-keçicidir. Amma vicdan – son nəfəsimizədək bizimlədir. Onu itirməyək…

İzmir, Türkiyə

Xüsusi olaraq NOCOMMENT.az üçün