ABŞ İranı nüvə silahından imtinaya necə məcbur etdi? - Şok detallar

ABŞ İranı nüvə silahından imtinaya necə məcbur etdi? - Şok detallar

Yaxın Şərqdə davam edən dağıdıcı hərbi eskalasiya qlobal təhlükəsizlik sistemini kökündən dəyişən tarixi bir sazişlə nəticələnib. ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması və nüvə proqramının tamamilə təftiş edilməsi ilə bağlı əldə olunmuş bu gizli razılaşmanın pərdəarxası məqamları beynəlxalq analitiklərin diqqət mərkəzindədir. Xüsusilə, bu mühüm strateji razılaşmanın məhz ABŞ Prezidenti Donald Trampın 80 illik yubileyi günündə əldə edilməsi heç də təsadüfi xarakter daşımır.

Əgər rəsmi Tehran hərbi sahədə özünü qalib və diqtə edən tərəf sayırdısa, ən azından siyasi nüfuz baxımından bu razılaşmanı Trampın ad günündə elan etməyib başqa tarixə ertələməli idi. Proseslərin bu cür inkişafı Ağ Evin Tehrana öz şərtlərini diktə etdiyini vizual olaraq sübut edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, əldə olunmuş bu tarixi razılaşma ilə İran faktiki olaraq nüvə silahı əldə etmək iddialarından birdəfəlik imtina edir və ölkədə indiyə qədər toplanmış yüksək səviyyədə zənginləşdirilmiş uranın tamamilə məhv edilməsinə rəsmi razılıq verir: "Vaşinqtonun İrana qarşı genişmiqyaslı hava və raket əməliyyatlarına başlamasının fundamental, real səbəbi elə rəsmi Tehranı nüvə silahından imtinaya və zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə məcbur etmək idi, sazişdə yer alan digər bəndlər isə sadəcə ikinci dərəcəli texniki təfərrüatlardan ibarətdir. Eyni zamanda, bu yeni sazişin bəndlərinə görə, gələcəkdə ABŞ və İran arasında müəyyən sahələrdə normal əməkdaşlıq əlaqələrinin qurulması və tərəflərin müxtəlif sferalarda birgə iqtisadi-enerji layihələri həyata keçirməsi imkanları da hüquqi cəhətdən təsbit olunub".

Onun sözlərinə görə, müharibənin ilk günlərində ABŞ hökuməti İsrail rəhbərliyinin birbaşa təhriki və təzyiqi ilə İranda mövcud teokratik rejimin tamamilə dəyişdirilməsini özünün əsas strateji hədəfi kimi qarşıya qoysa da, sonradan sahədəki reallıqları təhlil edərək bunun qısa müddətdə mümkünsüz olduğunun fərqinə vardı: "İsrail son ana qədər çalışırdı ki, İran daxilində tam bir rejim dəyişikliyi baş tutsun. Lakin Vaşinqton regional maraqları kontekstində anladı ki, ABŞ-a xaos içində olan bir ölkə deyil, idarəolunan və öhdəlik götürə bilən bir İran rejimi ilə əməkdaşlıq etmək daha çox lazımdır, nəinki həmin rejimi tamamilə devirib böyük bir idarəolunmaz boşluq yaratmaq. Bu müharibə müddətində İranın hərbi sənayesinə, raket potensialına və nüvə infrastrukturuna strateji zərbələr vuruldu, ölkə daxilində iqtisadiyyat iflic oldu və sosial problemlər pik həddə çatdı. Daxili sosial-iqtisadi böhranın dözülməz hal alması fonunda SEPAH-ın və mühafizəkar elitanın ABŞ-la kompromisə gedərək bu razılığa imza atmasında İran Prezidenti Məsud Pezeşkianın yürütdüyü çevik diplomatiya və rasional idarəetmə xətti mühüm rola malik oldu".

Politoloq vurğulayıb ki, reallaşan bu intensiv müharibədə İranın hər hansı bir hərbi-strateji qələbəsindən söhbət gedə bilməz: "Təbii ki, İran rəhbərliyi və dini elitası öz daxili auditoriyası qarşısında mövcud teokratik rejimi fiziki olaraq qoruya bildiyi üçün özünü bu savaşın mütləq qalibi kimi təqdim etməyə çalışır. Lakin vurulan hərbi zərbələr və nüvə geriçəkilməsindən sonra İran rejiminin regional məkanda əvvəlki tək hegemon bir aktor olması artıq heç bir formada mümkün görünmür. Donald Tramp Tehran üzərində kəskin təzyiq yürüdərək İranı nüvə silahından imtinaya rəsmən məcbur etdi. Təbii ki, İran tərəfi sənəd üzərində tam bir kapitulyasiya aktına imza atmadı, baxmayaraq ki, Tramp ilkin mərhələdə Tehrandan məhz mütləq kapitulyasiya tələb edirdi. İranın son anda Hörmüz boğazı ətrafında və körfəz ölkələrinin enerji infrastrukturuna qarşı həyata keçirdiyi raket zərbələri riskləri qlobal müstəviyə daşıdı və bu amil rejim üçün bir növ xilas kəmərinə çevrildi. Nəticədə İran rejimi ABŞ-la birbaşa danışıqlara gedərək daxili iqtisadi problemlərin həlli, dondurulmuş aktivlərin geri qaytarılması və tətbiq olunan beynəlxalq sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasına nail olmaqla öz mövcudluğunu sığortaladı".