Böyük Britaniyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, yeni qaydalar 2027-ci ilin yazından qüvvəyə minəcək və məqsəd uşaqları sosial medianın mənfi təsirlərindən qorumaqdır.
“Bu, asan qəbul etdiyim qərar deyil. Lakin hökumət idarəçiliyi seçim etməkdən ibarətdir və mənə görə tam qadağa ən düzgün seçimdir”, - Starmer bildirib.
Baş nazir vurğulayıb ki, sosial şəbəkələr asılılıq yaradacaq şəkildə dizayn olunub və uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir. O bildirib ki, bu platformalar kibertəqib, təhqir və zorakılıq hallarının artmasına səbəb olur, eyni zamanda yeniyetmələrin xoşbəxtlik səviyyəsini aşağı salır. Britaniya hökuməti bu sahədə Australia modelindən istifadə etməyi planlaşdırır.
Avstraliyada oxşar qadağa 2025-ci ilin dekabrından qüvvədədir. Qanun çərçivəsində 16 yaşdan kiçik istifadəçilərin hesablarının bağlanmasına görə məsuliyyət texnologiya şirkətlərinin üzərinə düşür. Qadağa Facebook, Instagram, Reddit, Snapchat, TikTok, Twitch, X və YouTube kimi platformaları əhatə edir. Avstraliya qanunvericiliyinə əsasən, şirkətlər azyaşlıların hesablarını deaktiv etmək üçün bütün mümkün tədbirləri görmədikdə milyonlarla dollar məbləğində cərimələrlə üzləşirlər.
Məlumata görə, qadağanın tətbiqindən sonra Avstraliyada uşaq və yeniyetmələrə məxsus ən azı 4,7 milyon hesab bağlanıb. Britaniyada tətbiq olunacaq cərimələrin məbləği hələ açıqlanmasa da, yeni qaydaların mesajlaşma tətbiqlərinə şamil edilməyəcəyi bildirilib. Bununla yanaşı, romantik ünsiyyət üçün nəzərdə tutulan süni intellekt çatbotlarından istifadə yalnız 18 yaşdan yuxarı şəxslərə icazə veriləcək.
Mütəxəssislər hesab edirlər ki, Böyük Britaniyanın bu addımı digər ölkələrdə də sosial şəbəkələrin azyaşlılar üçün istifadəsinə dair yeni məhdudiyyətlərin tətbiqinə təkan verə bilər. Bu isə rəqəmsal təhlükəsizlik və uşaqların psixi sağlamlığının qorunması istiqamətində qlobal müzakirələri daha da gücləndirəcək.\\sfera.az











