İstifadə müddəti bitmiş məhsulların aqibəti necə olur?

İstifadə müddəti bitmiş məhsulların aqibəti necə olur?

Günümüzdə marketlərdə alıcılara minlərlə çeşiddə ərzaq məhsulu təklif edilsə də, onların heç də hamısı müştərisini tapmır. Beləliklə, məhsulların bir hissəsinin istifadə müddəti market rəflərində bitir.

Rəsmi statistikaya görə, təkcə 2026-cı ilin birinci yarısında əhaliyə ümumi dəyəri 16 milyard manatdan çox ərzaq məhsulu satılıb. Bu isə sözügedən sahədə mal dövriyyəsinin həcminə aydınlıq gətirir.

Maraqlıdır, bəs istifadə müddəti bitmiş məhsulların aqibəti necə olur?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istifadə müddəti bitmiş məhsullar əvvəlcə satış zalından çıxarılır, daha sonra distribütora təhvil verilir və istehsalçıya qaytarılır. Onun sözlərinə görə, bundan sonrakı mərhələ ilə bağlı şəffaflıq yoxdur.

Eyyub Hüseynov qeyd edib ki, müxtəlif vaxtlarda dövlət orqanları yararlılıq müddəti bitmiş məhsulların üzərində dəyişiklik edilərək yenidən dövriyyəyə buraxılması faktlarını da aşkarlayıblar.

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev isə bu iddialarla razılaşmır. O bildirib ki, yararlılıq müddəti bitmiş məhsullar qanunvericiliyə uyğun olaraq məhv edilir.

Onun sözlərinə görə, "Qida təhlükəsizliyi haqqında" Qanuna və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida məhsullarının izlənməsi təmin edilməli, qida subyektləri məhsulların dövriyyəsi barədə mütəmadi olaraq AQTA-ya məlumat təqdim etməlidirlər. O əlavə edib ki, məhsulların məhv edilməsi prosesi agentliyin müfəttişlərinin iştirakı ilə həyata keçirilir.

Qurumdan o da bildirilib ki, 2026-cı ilin birinci yarısında aparılan nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3 ton 670 kiloqram yararlılıq müddəti bitmiş ərzaq məhsulu aşkarlanaraq müvafiq qaydada məhv edilib.