Lənkəranda yağan aramsız leysan yağışları kənd təsərrüfatını iflic edib. Göyşaban kəndində hektarlarla çəltik sahəsi tamamilə su altında qalıb.
NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə Lənkəranda son günlər davam edən aramsız leysan xarakterli yağışlar rayonda çəltikçiliklə məşğul olan təsərrüfatlara ciddi ziyan vurub. Rayonun Göyşaban kəndində 220 hektar çəltik sahəsi sel suları altında qalıb. Mütəxəssislər xəbərdarlıq edir, əgər 2-3 gün ərzində su çəkilməzsə, bu il çəltik məhsulunda kəskin qıtlıq yarana bilər.
Təsərrüfatda əkin işlərinin demək olar ki, tamamlandığını və cəmi 5 hektar sahənin qaldığını bildirən sahənin aqronomu Möhtənəm Fərziyev vəziyyətin kritik olduğunu vurğulayıb:
"Sel gəlib sahələri basıb və bizi çox pis vəziyyətdə qoyub. Artıq ikinci gündür ki, su qətiyyən çəkilmir, əksinə, bir az da çoxalır. Bizim sahədə əkdiyimiz adi bir şitil qutusunun (latok) maya dəyəri 3-5 manat arasıdır. Hər hektara 350 ədəd belə şitil qutusu vurulur ki, bu da hektar başına hardasa 900-1000 manat xərc deməkdir. Sahənin 35-40 hektarı tamamilə pis vəziyyətdədir. Xırda şitillər 2-3 gün bu vəziyyətdə qalsa, çürüyəcək və gələcəkdə ondan məhsul götürmək qeyri-mümkün olacaq."
Sahədə əsasən yüksək keyfiyyətli "Melisa" və "Belita" sortlu çəltiklərin həm səpmə, həm də şitil üsulu ilə əkildiyi bildirilir. Ən acınacaqlı məqam isə odur ki, 220 hektar sahənin 200 hektarı rəsmi sığortalıdır. Buna baxmayaraq, sığorta şirkətləri hələ də fermerin səsinə səs vermir.
Möhtənəm Fərziyev: “Biz hər il sığorta ödənişimizi edirik. Lakin təbii fəlakət baş verəndə bizə qarşı heç bir qayğı, heç bir isti münasibət görmürük. Ən azından gəlib bir 10-20-30 hektar sahə üçün bizə bir dayaq olsunlar."
Hazırda fermerlər böyük maddi ziyanla üz-üzədir və aidiyyəti qurumlardan, xüsusilə Sığorta şirkətindən təcili reaksiya və kömək gözləyirlər.














