Təhsillə və mədəniyyətlə bağlı problemlərin sosial şəbəkələrdə və saytlarda işıqlandırılmasının cəmiyyətə canlandırma gətirdiyi göz qabağındadır.
Dünən bunun bariz nümunəsini Baku TV-nin və İctimai TV-nin efirindən izləyə bildik. Doğrudur, elm və təhsil naziri Emin Əmrullayevlə aparılan dialoqdan fərqli olaraq Baku TV-nin “Aktual Gündəm” verilişində problemləri dilə gətirən sənət adamları ilə Mədəniyyət Nazirliyinin iki nümayəndəsinin debat mədəniyyətinə şahid olduq.
Təəssüflə qeyd edək ki, Mədəniyyət Nazirliyinin nümayəndələri sənətçilərin qaldırdıqları problem qarşısında çarəsiz duruma düşdülər.

Çünki istər mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, istərsə də nazirliyin media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bu debata hazır deyildilər.
Açıq-açkar görünürdü ki, onlar caz vokalçısı Təranə Mahmudovanın, xanəndə Almaxanım Əhmədovanın, müğənni Nura Surinin və kamança ustası Şəhriyar Musayevin konkret suallarına konkret cavab verə bilmirlər.
Təranə Mahmudovanın caz vokalının inkişafına biganə münasibətə diqqəti yönəltməsi, Şəhriyar Musayevin “Mən öz brendimi formalaşdırana qədər niyə zülm çəkməli idim və mənə maneələr olmalı idi?” harayı, Almaxanım Əhmədovanın əziyyət çəkib “Muğam televiziya müsabiqəsi”ndə qazandığı pul mükafatını tələbəsi olduğu Milli Konservatoriyaya ianə etməyə məcbur edilməsi ürək ağrıdan məqamlardan idi.
Xanəndənin sözlərinə görə, ona bu tələb o zaman rektor olan Səyavuş Kəriminin ətrafından çatdırılmışdı və 5 min pulu ianə etdiyi barədə ərizə indi də Milli Konservatoriyadadır.
Sənətçilərin “bizim mədəniyyət naziri və nazirliyin digər əməkdaşları ilə heç bir problemimiz yoxdur” xəbərdarlığı Mədəniyyət Nazirliyinin nümayəndələrinin təmsil etdikləri qurumu var gücləri ilə müdafiə etmək istəklərini də əllərindən aldı. Yoxsa Aynur Kərimova son günlərdə təhsildən və mədəniyyətdən narazılıq dalğasını hansısa çevrələrə bağlamaq niyyətinə düşmüşdü.

Odur ki, caz vokalçısı Təranə Mahmudova və xanəndə Almaxanım Əhmədova ilə Aynur Kərimova arasında mübahisə yaranarkən hadisələrin məcradan çıxacağını görən aparıcı “Mədəniyyət Nazirliyinin kommunikasiya problem var” və “mədəniyyət naziri Adil Kərimlinin tənqidə dözümü var, Aynur Kərimovanın isə tənqidə dözümü yoxdur” qənaəti ilə mübahisələrə müdaxilə etməli oldu. Çünki vəzifəsi nazirliklə cəmiyyət və media arasında vasitəçilik olan Aynur Kərimovanın şikayətçi sənət insanları ilə normal ünsiyyət qura bilmədiyi ortada idi. Əslində, məhz Aynur Kərimova sosial şəbəkələrdə və saytlarda bu məsələ ortaya çıxan kimi həmin sənətçilərlə ünsiyyət saxlamalı və problemin həlli üçün onları müvafiq şöbələrə yönləndirməli idi.
Amma efirə qoşulduqdan sonra məlum oldu ki, debatda iştirak edən Oleq Əmirbəyov bu sahə üzrə heç məsuliyyət daşımır. Çünki uzun illər Azərbaycan Televiziyasında diktor, aparıcı, Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor işləmiş Oleq Əmirbəyov musiqi sahəsini deyil, teatr sahəsini kurasiya edir. Musiqi sahəsi isə nazirin digər müşavirinin, tanınmış musiqişünas Cahangir Səlimxanovun kurasiyasındadır. Açığı, mühüm məsələyə belə başdansovdu yanaşma Mədəniyyət Nazirliyinə yaraşan hal deyil. Mədəni şəkildə desək, bu məqam lap şair Qabilin “Müsibət oluruq biz, səhv düşəndə yerimiz” misrasını xatırlatdı.

Məhz Cahangir Səlimxanovun debatda iştirakı nazirliyin Mənzər Nurulllayeva probleminə bəlkə də daha böyük aydınlıq gətirmiş olardı, sənətçilərin şikayətlərinə yerli-yataqlı cavabların verilməsi ilə nəticələnərdi. Yaxşı ki, aparıcının müdaxiləsi ilə onların nazirliyin incəsənət və qeyri-maddi mədəni irs şöbəsi müdiri İntiqam Babayevlə və ya Cahangir Səlimxanovla görüşünün təşkil olunması təklifi irəli sürüldü. Hərçənd, iş elə yerə çatıb ki, artıq mədəniyyət naziri bu məsələyə müdaxilə etməlidir.
Yeri gəlmişkən xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu il 1 mart tarixində ölkənin bir qrup ziyalısı və mədəniyyət işçiləri ilə görüşdə onların şikayətlərinə, arzu və təkliflərinə necə həssas yanaşdığını nümayiş etdirmişdi. Görüşdə iştirak edən hər bir ziyalı və mədəniyyət işçisi çəkinmədən müzakirəyə qoşularaq öz təkliflərini verir, şikayətlərini çatdırırdılar. Dövlət başçımız həmin məsələlərin çoxunu yerindəcə həll edir, zaman tələb edən digər məsələlərin həll olunmasına göstəriş verirdi. Sonradan gedən proseslər göstərdi ki, həmin tədbirdə qaldırılmış bütün məsələlər öz həllini tapdı. İlham Əliyevin bu mütəvazi davranışı bütün dövlət qurumlarına, ilk növbədə Mədəniyyət Nazirliyinə nümunə olmalıdır.
Lakin, çox təəssüf ki, “Aktual Gündəm” verilişində nazirliyin adının hallandırılmasında böyük “əməyi” olan Mənzər Nurullayevanın araşdırma aparıldığı dövrdə işdən kənarlaşdırılıb-kənarlaşdırılmadığına aydınlıq gətirilmədi. Əslində, əgər sənətçilər haqlıdırlarsa, həmin şəxs işindən dərhal uzaqlaşdırılmalıdır.
Bu məqamda ortaya sual çıxır: görəsən, Mədəniyyət Nazirliyində yaradılmış İctimai Şuranın baş verənlərdən xəbəri varmı? Əgər varsa, cəmiyyət nədən onların reaksiyasını görmür və eşitmir? Belə yararsız İctimai Şura kimə lazımdır?
Bu arada Çahangir Səlimxanovun “Qafqainfo.az” saytına açıqlamasında “nəyə görə bəzi musiqi xadimləri dövlət tədbirlərinə dəvət olunmur?” kimi irada cavabı Mənzər probleminin aradan qaldırılmayacağından xəbər verir. “Məsələ ilə bağlı bildirilib ki, dövlət tərəfindən müxtəlif dəstək mexanizmləri olsa da, yaradıcı fəaliyyət üçün bu gün sosial şəbəkələr və beynəlxalq platformalar daha böyük imkanlar açır. Elektron musiqi, alternativ və eksperimental janrlar artıq qlobal auditoriya qazanıb. “YouTube” və “Spotify” kimi platformalarda bəzi Azərbaycan ifaçılarının dinlənmə sayı ölkə əhalisinin sayını belə ötür. Bu isə Mədəniyyət Nazirliyinin deyil, qlobal rəqəmsal səhnənin təsirini göstərir. Əgər musiqi xadimlərinin düzgün iradları varsa, bildirsinlər. Biz hər şeyi hamıdan yaxşı bilə bilmərik, bunun üçün onlarla sıx əməkdaşlıqda olmalıyıq”, – deyə Cahangir Səlimxanov vurğulayıb.

Düzünü desək, 2023-cü ildə “Bakı payızı 2023 – 35 il sonra” müsabiqəsinə Mədəniyyət Nazirliyinin biganə münasibətini gördükdən sonra incəsənətimizdə nəyinsə yaxşılığa doğru dəyişəcəyinə ümid azdır.
2023-cü il 3 noyabr tarixində Heydər Əliyev Sarayında müsabiqəyə yekun vurularkən Mədəniyyət Nazirliyinin adından çıxış etməyə məcbur olan Cahangir Səlimxanov (mədəniyyət naziri Adil Kərimli heç tədbirə qatılmamışdı) vokal janrında birinci yeri tutan Anar Ağayevə yalnız sözdə vəd verə bildi. Bir il sonra Rusiyanın Soçi şəhərində keçirilən “Yeni Dalğa 2024” beynəlxalq musiqi festivalında üçüncü yeri tutan müğənni Anar Ağayevin həmin ilin sonunda Kembric Universitetində maliyyə üzrə magistr təhsili almaq üçün ölkəni tərk etdiyi bəlli oldu. Bu isə o deməkdir ki, Azərbaycan estradasına yeni qədəm qoymuş istedadlı gənc maliyyə sahəsini sənətdən daha üstün tutdu. Belə, belə işlər, Mədəniyyət Nazirliyinin xanımları və cənabları!
Xatirə SADİQ












