Ermənistanın keçmiş baş nazirinin oğlu HƏBS EDİLDİ

Ermənistanın keçmiş baş nazirinin oğlu HƏBS EDİLDİ

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın oğlu Arqam Abramyan iki ay müddətinə həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi məlumat verib.

Qeyd edək ki, Abramyan "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyanın kürəkənidir.

Dünən İstintaq Komitəsi Arqam Abramyanın sifarişli qətldə ittiham olunaraq saxlanıldığını bildirmişdi.

Daha əvvəl Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, İrəvan Şəhər İstintaq İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq Şöbəsi tərəfindən aparılan cinayət işinin ibtidai istintaqı, eləcə də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il aprelin 30-da İrəvan şəhərinin Myasnikyan prospektindəki evlərdən birinin girişində törədilən qətlin Artaşat icmasının keçmiş rəhbəri və parlamentin sabiq deputatı Arqam Abramyan tərəfindən sifariş edildiyinə dair məlumatlar əldə olunub.

İstintaqın versiyasına görə, planlaşdırılmış və hərtərəfli istintaq-prosessual tədbirlər nəticəsində müəyyən edilib ki, Arqam Abramyan həyat yoldaşının "Yevangelist inancının xristianları" dini təşkilatının üzvü olan ruhani ilə şəxsi münasibətlərinin olmasından, eləcə də ona külli miqdarda pul köçürməsindən şübhələnərək qisas məqsədilə pastorun həyatına son qoymaq niyyətinə düşüb. Lakin o, bu cinayətkar niyyətini şəxsən deyil, özünə sadiq, ondan maddi və şəxsi cəhətdən asılı olan təhlükəsizlik xidmətinin əməkdaşı vasitəsilə həyata keçirmək qərarına gəlib.

İstintaqın məlumatına əsasən, Arqam Abramyan təhlükəsizlik əməkdaşı üzərindəki təsirindən, eləcə də onun sədaqətindən və özünə xidmət etməyə hazır olmasından istifadə edərək göstəriş vermək yolu ilə onu pastoru öldürməyə razı salıb.

Arqam Abramyanın göstərişini və verdiyi məlumatları sifariş kimi qəbul edən təhlükəsizlik əməkdaşı 2023-cü il aprelin 30-da İrəvanın Myasnikyan prospektindəki yaşayış evinin qarşısında pastoru odlu silahla öldürüb.

Cinayət işi üzrə ibtidai istintaq zamanı müstəntiqin vəsatəti və nəzarətçi prokurorun qərarı əsasında Arqam Abramyan barəsində Cinayət Məcəlləsinin 46-155-ci maddəsinin 2-ci hissəsinin 11-ci bəndi (muzdla adam öldürməyə təhrik etmə) üzrə cinayət təqibinə başlanılıb.

2026-cı il avqustun 8-də müstəntiqin qərarı əsasında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Arqam Abramyanı saxlayıblar. (Oxu.az)