Dəhşətli qəza baş verdi: 13 ölü - Bu ölkədə

Dəhşətli qəza baş verdi: 13 ölü - Bu ölkədə

Perunun cənub-şərqindəki Kusko regionunda ictimai nəqliyyat mikroavtobusu və yolun hərəkət hissəsində dayanmış yarımqoşqulu yük maşınının toqquşması nəticəsində azı 13 nəfər ölüb, dörd nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, Kusko polisinin rəisi, polkovnik Karlos Gizadonun sözlərinə görə, qəza şənbə günü səhər saatlarında Apurimak departamentində yerləşən Çalhuahuaço yaşayış məntəqəsi ilə eyniadlı regionun inzibati mərkəzi olan Arekipa şəhəri arasındakı yolda baş verib.

“Təəssüf ki, uşaqlar və böyüklər də daxil olmaqla 13 nəfərin öldüyü barədə məlumat almışıq. Dörd yaralı təcili olaraq Arekipa xəstəxanasına çatdırılıb”, – deyə Gizado bildirib.

Polis rəisinin sözlərinə görə, qəzanın səbəbləri hazırda araşdırılır. İlkin araşdırmalara əsasən, mikroavtobusun sürücüsü texniki nasazlıq səbəbindən yolda dayanmış yarımqoşqulu yük maşınını görməyib və nəticədə mikroavtobus yük maşınının arxa hissəsinə çırpılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə toqquşma nəticəsində mikroavtobusun ön hissəsinin tamamilə dağıldığı görünür.