İyunun 1-də Naxçıvana arxeoloji səfər zamanı bölgənin qədim tarixi ilə bağlı dəyərli kitabə aşkarlanıb. Təxminən 2800 illik yaşı olan qayaüstü Urartu mixi yazısının yeri müəyyən edilib. Lakin yazının Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu tərəfindən təqdim olunan tərcüməsi müzakirələrə səbəb olub.
Məsələyə etiraz edənlərdə biri də tarixçi alim Ramin Əlizadədir.
O bildirib ki, hazırda elm aləminə 600-dən artıq Urartu mixiyazılı mətni, 1 milyondan da artıq klassik mixiyazılı (Şumer, Akkad, Babil, Aşşur, Hett, Hurri, Əhəməni) mətn məlumdur:
“Sovet dönəmində Ermitajın Qədim Şərq Fondunda saxlanılan mixiyazılı mətnlərdən cəmi bir neçəsini üç azərbaycanlı tədqiqatçı - Yusif Yusifov, Solmaz Qaşqay və Mirheydər Mirzəyev oxuyaraq tədqiq ediblər. Əsasən də rəhmətlik professor Yusif Yusifov bu sahədə öndərlik edib və prototürk tayfalarının ilk vətəninin Urmu hövzəsi olması haqqında konsepsiyanı irəli sürüb”.

Tarixçi qeyd edib ki, son otuz ildə Azərbaycanda Urartu mixiyazılı mətnini heç kəs tərcümə etməyib:
“Sonradan bu konsepsiya “Urmu teorisi” kimi məşhurlaşıb. Son otuz ildə isə Azərbaycanda heç kəs mixiyazılı mətn tərcümə edərək ilk dəfə elmi dövriyyəyə daxil etməyib, Urartu mixiyazılı mətnini isə heç kəs tərcümə etməyib. İndi ortalıqda kimlər ağzına gələni danışırsa və ya yazırsa əlbəttə cəfəngiyatdan başqa heç nə deyil. Naxçıvan İlandağ kitabasi haqqında yazdığım məlumat xarakterli postu köçürərək öz “araşdırması” kimi təqdim edən axmaqlara isə sözüm odur ki, insanda əvvəl əxlaq olur, sonra elm...”.
Qeyd edək ki, iyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyasının rəisi, İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli və tədqiqatçı Hüseyn Cəfərov İlandağ ərazisində e.ə. VIII əsrlərə aid qaya üzərində Urartu mixi yazılı mətnin yerini aşkar ediblər.
XX əsrin 80-ci illərinin sonunda Naxçıvan MR-dəki İlandağ ərazisində qaya üzərində göstərilən mixi yazılı mətn aşkar olunaraq elmi dövriyyəyə daxil edilmişdi. Lakin abidənin yeri dəqiq göstərilməmişdi. Bu illər ərzində dəfələrlə axtarış cəhdlərinə baxmayaraq, abidənin yerini aşkar etmək mümkün olmamışdı.

Xatırladaq ki, İlandağ ərazisindəki qaya üzərində mixi yazılı mətndə Urartu çarı I Sardurinin oğlu İşpuini (e.ə.820-810 cu illər) və onun oğlu Menua (e.ə.786-764 illər) mədh olunub. Tərcüməni AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu təqdim edib. Mövcud tərcümə versiyasına görə, mətndə bu sözlər əks olunub:
“Haldi tanrısının himayəsi altında Sardurinin oğlu İşpuini (və) İşpuininin oğlu Minua Arşini şəhərini fəth etdilər. Onlar (və ya o) Arşini şəhərinin torpağını fəth etdilər, onlar (və ya o) Aniani şəhərinin torpağını fəth etdilər və (və ya o) onu dağıtdılar…. o, Haldi tanrısı üçün bir stela ucaltdı. Puluadi torpağında bir ritual tətbiq etdi: O (ritualda iştirak edən) Puluadi torpağından Haldi tanrısına [bir öküz] və Haldi tanrısının arvadına bir inək qurban verə bilərmi?”.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev də bildirib ki, bu yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir:
“Onların indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə kurban kəsilməsindən bəhs edilir. Araşdırmalar göstərir ki, Urartuların Naxçıvana hücumları uğursuz olmuşdur. Sisianda tapılan yazıdan məlum olur ki, Naxçıvanda möhkəmlənən Etiuni konfederasiyası onlara xərac verməklə öz müstəqilliyini qoruyub saxlamışdır”./yenisabah/











