Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi? – İqtisadçıdan sistemin gələcəyi ilə bağlı MÜHÜM AÇIQLAMALAR
Azərbaycanda son dövrlərin ən çox müzakirə edilən və vətəndaşlar arasında ciddi narazılıq doğuran mövzularından biri də pensiya yaşıdır. Sosial şəbəkələrdə və ictimai platformalarda pensiya yaşının aşağı salınması ilə bağlı çağırışlar artsa da, məsələnin iqtisadi tərəfləri fərqli reallıqları ortaya qoyur.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli pensiya sistemindəki mövcud vəziyyəti təhlil edərək, yaş həddinin salınmasının yarada biləcəyi riskləri diqqətə çatdırıb.
“Maliyyə və demoqrafik reallıq buna imkan vermir".

İqtisadçının fikrinə görə, Azərbaycanda pensiya yaşı məsələsi son illərin ən aktual sosial mövzusudur və vətəndaşların narazılığının əsaslı səbəbləri var. O qeyd edir ki, hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 64 il 6 aydır və 2027-ci ilə qədər qadınların yaş həddi hər il 6 ay artırılaraq 65-ə çatdırılacaq.
Ekspert vurğulayır ki, pensiya yaşını aşağı salmaq texniki baxımdan qanunu dəyişməklə mümkün olsa da, maliyyə və demoqrafik göstəricilər buna yol vermir.
Bunun əsas səbəbi kimi Dövlət Sosial Müdafiə Fondunun büdcə kəsirini göstərən A.Nəsirli bildirir ki, sistem "pay-as-you-go" (bu gün işləyənlərin bugünkü pensiyaçıları təmin etməsi) prinsipi ilə işləyir. İqtisadçı hesablamalarına əsasən bildirir ki, 1.1 milyon pensiyaçının illik xərci 6.5 milyard manat olduğu halda, fondun öz gəlirləri cəmi 5.1 milyard manatdır və qalan 1.4 milyard manat dövlət büdcəsindən qarşılanır.
Yaş aşağı salınsa, büdcəni nə gözləyir?
Akif Nəsirli onu da vurğulayır ki, əgər pensiya yaşı 65-dən 63-ə salınarsa, dərhal 200 minə yaxın yeni pensiyaçı yaranacaq və bu da illik əlavə 1.1 milyard manat xərc deməkdir. Yaş həddi 60-a salınarsa, xərc 2.6 milyard manat artacaq.
İqtisadçı sual edir: “Bu pul hardan gələcək? O izah edir ki, bu boşluğu doldurmaq üçün ya sosial sığorta haqlarını 25%-dən 35%-ə qaldırmaq, ya da dövlət büdcəsindən digər sahələrə (təhsil, səhiyyə, müdafiə) ayrılan vəsaitləri kəsmək lazım gələcək ki, hər iki variant iqtisadiyyat üçün ağırdır./Oxu24.com/











