"Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində aqrar sahəyə 5 milyard manatdan çox investisiyanın cəlb olunması planlaşdırılır.
NOCOMMENT.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə təşkil edilmiş müşavirədə çıxışı zamanı bildirib.

Z.Nağdəliyevin sözlərinə görə, proqramın reallaşdırılması məqsədilə dövlət büdcəsindən 2 milyard manatdan çox, özəl sektorun hesabına isə təqribən 3 milyard manatdan çox maliyyə vəsaiti səfərbər ediləcək:
"Proqramın müvəffəqiyyətlə icra olunması üçün mərkəzi və yerli icra hakimiyyəti qurumlarının əlaqəli fəaliyyəti ilə bərabər, özəl sektorun investisiya və idarəetmə potensialından da səmərəli şəkildə yararlanılacaq. Qarşıdakı dörd il yarım müddətində proqramda əks olunan tədbirlərin təcili surətdə icrasına başlanılmalıdır".












