OPEK+ ölkələri qlobal neft bazarındakı mövcud tarazlığı qorumaq üçün növbəti addımlara hazırlaşır. "Reuters" agentliyinin alyansdakı mənbələrə istinadən yaydığı məlumata əsasən, quruma daxil olan 7 dövlət – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan və Oman sentyabr ayından etibarən gündəlik neft hasilatı kvotasını təxminən 188 min barel artırmağı nəzərdə tutur.
NOCOMMENT.az xəbər verir ki, bununla belə, həmçinin bildirilir ki, bu addımdan sonra cari ilin sonuna qədər hasilat həcmlərinin daha da artırılması prosesi tamamilə dondurulacaq. Analitiklər qeyd edirlər ki, indiyədək reallaşan faktiki hasilat artımı təsdiqlənmiş kvotalardan aşağı səviyyədə qalıb. Buna əsas səbəb kimi Yaxın Şərqdəki gərginliklər və Rusiyanın Ukrayna ilə müharibəsi fonunda Fars körfəzi regionu, eləcə də Rusiya və Qazaxıstandan həyata keçirilən tədarüklərdə yaranan ixrac fasilələri göstərilir.
2026-cı ilin sonuna qədər əlavə artımlardan imtina edilməsinin digər mühüm səbəbi isə 2027-ci ildən qüvvəyə minəcək yeni baza hasilat səviyyələri üzrə aparılacaq gərgin danışıqlardır. Sentyabrda planlaşdırılan artım 2023-cü ildə qəbul edilmiş günlük 1,65 milyon barellik könüllü ixtisarların mərhələli şəkildə ləğvinin sonuncu mərhələsini təşkil edəcək. Bundan sonra isə 2022-ci ildən bəri qüvvədə qalan günlük təxminən 2 milyon barellik ümumi məhdudiyyət qüvvəsini saxlayacaq və alyans iştirakçılarının bu həcmləri gələcəkdə necə bölüşdürəcəyi məsələsi dəqiqləşdirilməlidir.
Xatırladaq ki, dünya neft istehsalının təxminən üçdə birini tənzimləyən OPEK təşkilatının 12 üzvü ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Meksika, Oman və Rusiyanın da daxil olduğu ümumilikdə 22 dövləti birləşdirən OPEK+ formatı bazarda qiymət sabitliyini qorumaq üçün fəaliyyətini davam etdirir.
Sara,
NOCOMMENT.az











