Pullar geri çəkilir -"Yelo Bank" 55 milyon manatdan çox əmanət "itirib"

Pullar geri çəkilir -"Yelo Bank" 55 milyon manatdan çox əmanət "itirib"

"Yelo Bank"ın depozit portfeli bu ilin ilk yarısında azalıb.

NOCOMMENT.az xəbər verir ki, bankın maliyyə hesabatına əsasən, 30 iyun 2026-cı il tarixinə depozit portfeli 1 mlrd 39,2 mln manat təşkil edib.

Bu, ilin əvvəli ilə müqayisədə 55,2 milyon manat və ya 5% azdır. Hesabat dövrünün əvvəlində bankın depozit portfeli 1 milyard 94,3 mln manat olub.

Depozit portfelindəki azalmanın əsas hissəsi həm fiziki, həm də hüquqi şəxslərin əmanətlərinin azalması hesabına formalaşıb. Belə ki, fiziki şəxslərin depozitləri 930,5 mln manatdan 899,8 milyon manata düşərək 30,8 milyon manat və ya 3,3% azalıb. Hüquqi şəxslərin depozitləri isə 163,8 milyon manatdan 139,4 milyon manata enərək 24,4 milyon manat və ya 14,9% azalma nümayiş etdirib.

Depozit portfelindəki azalma bankın ümumi öhdəliklərinə də təsir göstərib. Belə ki, hesabat dövründə "Yelo Bank"ın cəmi öhdəlikləri 53,4 milyon manat və ya 4% azalaraq 1 mlrd 339 milyon manatdan 1 mlrd 285 milyon manata enib.

Buna baxmayaraq, bankın depozitlər üzrə faiz xərcləri artıb. Hesabat dövründə bu xərclər 26,4 milyon manatdan 38,2 milyon manata yüksəlib. Bu isə bankın daha kiçik depozit portfelini saxlamaq üçün əvvəlki dövrlə müqayisədə daha yüksək faiz ödədiyini göstərir.

Nəticədə, depozit portfelinin kiçilməsi ilə yanaşı, depozitlər üzrə maliyyələşmə xərclərinin artması "Yelo Bank"ın ilk yarı üzrə maliyyə nəticələrinə mənfi təsir göstərən əsas amillərdən biri olub.