Azərbaycanda kirayə mənzil bazarında növbəti qiymət artımı qeydə alınıb. Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük “Pul Siyasəti İcmalı”nda yer alan rəsmi rəqəmlərə əsasən, cari ilin iyun ayının yekununda kirayə qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz, may ayının sonu ilə müqayisədə isə 0,3 faiz artıb. Eyni dövr ərzində əmlak bazarının digər seqmentlərində də bahalaşma müşahidə olunub: ilkin mənzil bazarında qiymətlər orta hesabla 12,4 faiz, təkrar mənzil bazarında isə 8,6 faiz yüksəlib. Ümumi bazar üzrə qiymət artımı 8,6 faiz təşkil edib.
Xüsusilə yay aylarının sonuna doğru paytaxt Bakıda kirayə mənzil bazarında gərginlik daha da artır. Ənənəvi olaraq yeni tədris ilinin yaxınlaşması, ölkənin müxtəlif bölgələrindən paytaxta üz tutan tələbələrin kütləvi şəkildə ev axtarışına çıxması bazarda süni və obyektiv canlanma yaradır. Bu isə tələb-təklif balansında yaranan disbalans fonunda qiymətlərin daha da sürətlə bahalaşmasına səbəb olur. Vətəndaşları və valideynləri haqlı olaraq düşündürən əsas suallardan biri budur: bu qiymət artımı dalğası nə qədər davam edəcək və bazarda stabillik nə zaman yaranacaq?
Yaranmış mövcud vəziyyəti, bazarın dinamikasını və qiymət artımının səbəblərini NOCOMMENT.az-a şərh edən əmlak məsələləri üzrə ekspert Camal Abışov bildirib ki, cari proseslərin əsas səbəbi mövsümi amillər və iqtisadi tendensiyalardır:
“Hər il yay aylarının sonu, xüsusilə avqust ayından başlayaraq sentyabrın ortalarına qədər olan dövr daşınmaz əmlak bazarında, xüsusən də kirayə sektorunda ən aktiv mövsüm hesab olunur. Bu dövrdə ölkənin regionlarından Bakıya ali və orta ixtisas təhsil müəssisələrinə daxil olan tələbələrin axını, eləcə də işləmək üçün paytaxta gələn vətəndaşların fəallığı mənzillərə olan tələbatı kəskin şəkildə artırır. Tələbatın təklifi üstələdiyi belə hallarda qiymətlərdə qaçılmaz olaraq bahalaşma müşahidə olunur. Əsasən sentyabr ayının ortalarına, tədris prosesi tam başlayıb axın səngiyənə qədər bu aktivlik və qiymət artımı tendensiyası davam edə bilər. Lakin tədris ili başlayıb proses müəyyən qədər tənzimləndikdən sonra bazarda sürətli artım səngiyəcək və qiymətlər nisbi sabitlik mərhələsinə qədəm qoyacaq”.
Ekspert əlavə edib ki, mövsümi dalğalanmalarla yanaşı, tikinti sektorunda tikinti materiallarının qiymətlərinin dəyişməsi, torpaq sahələrinin dəyəri və ümumi inflyasiya prosesləri də uzunmüddətli perspektivdə mənzil bazarındakı qiymətlərə birbaşa təsir göstərir. Buna baxmayaraq, qısamüddətli dövrdə kirayə qiymətlərinin stabilləşməsi birbaşa mövsümi tələbatın azalmasından asılı olacaq.
Tunar,











