Bu xəstəlikdən ölüm sayı artır - Sizdə də varsa.... - ŞOK XƏBƏRDARLIQ

Bu xəstəlikdən ölüm sayı artır - Sizdə də varsa.... - ŞOK XƏBƏRDARLIQ

Son dövrlərdə əhali arasında infarktdan və qəfil ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin, eləcə də bu səbəbdən dünyasını dəyişənlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur.

Vətəndaşları, xüsusilə də risk qrupunda olan şəxsləri və onların ailələrini haqlı olaraq düşündürən əsas suallardan biri məhz bu halların niyə çoxalması və havaların həddindən artıq isti keçməsinin buna əsas səbəb olub-olmamasıdır. İsti hava şəraitinin insan fiziologiyasına, qan dövranına və ümumi sağlamlığa təsiri hər zaman tibb mütəxəssislərinin diqqət mərkəzində olub və mövsümlə əlaqədar yaranan bu cür narahatedici statistika geniş müzakirələrə yol açıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tanınmış həkim Adil Qeybulla qeyd edib ki, isti havalar insan orqanizminə, xüsusən də ürək-damar sisteminə ciddi şəkildə mənfi təsir göstərir:

"İsti havada insan orqanizmində qan damarları dəri səthində genişlənir, tənəffüs vasitəsilə buxarlar xaricə çıxır və özü ilə istilik daşıyır. Müəyyən qədər orqanizm bu prosesi kompensator vəziyyətdə saxlasa da, bir müddətdən sonra imkanlar tükənir və nəticədə daxildən bədən temperaturu yüksəlməyə başlayır. Havanın həddindən artıq isti olması və bədənin normadan artıq maye və duz itirməsi qanın laxtalanma qabiliyyətini artırır, bu isə öz növbəsində mikrosirkulyasiya səviyyəsində pozulmalara, ürəyin və beynin oksigen aclığına yol açır. Nəticədə risk qrupunda olan şəxslərdə, eləcə də ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə infarkt və insult kimi ağır fəsadların yaranma ehtimalı kəskin şəkildə çoxalır. Üstəlik, isti havalarda tərləmə nəticəsində orqanizmdən yalnız su deyil, həm də həyati vacib mikroelementlər – xüsusilə kalium və maqnezium yuyulub xaric olur. Kalium və maqnezium çatışmazlığı birbaşa ürək əzələsinin normal yığılıb-boşalmasına, onun ritminə və bioelektrik aktivliyinə mənfi təsir göstərir ki, bu da aritmiyaların, o cümlədən həyat üçün təhlükəli olan mədəcik fibrilyasiyasının yaranmasını qaçılmaz edir".

Həkimin sözlərinə görə, xüsusilə günün pik saatlarında – günəş şüalarının ən aktiv olduğu vaxtlarda çölə çıxmaq, kondisionersiz mühitlərdən isti havaya ani keçidlər etmək damar tonusunun kəskin şəkildə dəyişməsinə səbəb olur: "Hipertoniya xəstələri, şəkərli diabetdən əziyyət çəkənlər və yaşlı insanlar bu dəyişikliklərə qarşı həddindən artıq həssas olurlar. Onların damarları artıq elastikliyini qismən itirdiyindən, istinin yaratdığı təzyiq dalğalanmalarına uyğunlaşa bilmir və nəticədə ürək damarlarında spazm, yaxud aterosklerotik plaqların qopması baş verir. Bunun qarşısını almaq üçün vətəndaşlar günün isti saatlarında açıq havada olmaqdan çəkinməli, kifayət qədər su və maye qəbul etməli, duzlu və ağır qidalardan uzaq durmalı, həmçinin mütəmadi olaraq arterial təzyiqlərini nəzarətdə saxlamalıdırlar".