Uzun illər boyu “Eurovision” mahnı yarışması rəhbərliyinin bütün təzyiqlərinə baxmayaraq, Azərbaycandan olan münsiflər heyəti erməni iştirakçılara 12 bal verməkdən imtina edirdilər.
NOCOMMENT.az xəbər verir ki, hərçənd münsiflər heyətindən fərqli olaraq 2009-cu ilin mayında Moskvada keçirilən “Eurovision-2009” yarışması zamanı Turan adını daşıyan vətəndaşımız Ermənistan təmsilçisinin lehinə səs vermişdi. Sonradan məlum olmuşdu ki, həmin Turan hakimiyyətə müxalifətdə olan Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun oğludur. O zaman hətta öz oğluna “umac ova bilməyən” Ərəstun Oruclu hazırda ABŞ-də məskunlaşıb və ara-sıra xalqımıza “əriştə kəsməyə” cəhdlər edir.
Doğrudur, Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan bəyannamədən sonra iki ölkə arasında münasibətlərin yumşalacağı gözlənilirdi. Hətta Azərbaycanın Ermənistanla bağlı bir sıra məhdudiyyətləri aradan qaldırması, Nikol Paşinyanın dəfələrlə Azərbaycan Prezidentinə təşəkkür etməsi, vətəndaş cəmiyyətinin bir qrup üzvünün İrəvana və Bakıya səfərləri anlayışla qarşılanırdı.
Amma müğənni Samirə Əfəndinin Astanada təşkil olunan “Silk Way Star” beynəlxalq müsiqi festivalının final mərhələsində Ermənistan təmsilçisi Saro Gevorqyana 12 bal verməsi və ona doğru qaçan erməni ifaçısını bağrına basması cəmiyyətimizdə razılıqla qarşılana bilməzdi. “Mən istəyirəm ki, bütün dünyada sülh olsun, sənin haqqına girə bilmərəm, ona görə də 12 pay Azərbaycandan sənə”, – deyə Samirə Əfəndi öz addımını izah edib.
Onun sarıldığı Saro Gevorqyan isə “Göz yaşı tökürəm” mahnısı ilə səhnəyə çıxmaqdan əvvəl tamaşaçılara belə sözlərlə müraciət edib. “Əziz həmvətənlər, mən bu gün iki xalq mahnımızı – “Tamam Ashxarh” və “Es Kulam”ı birləşdirərək xüsusi versiyada ifa edəcəyəm. Qoy milli ruhumuz uca olsun, Ermənistan bayrağı həmişə üzərimizdə dalğalansın!”, – deyib.
Bloger Kamran Razmovar isə öz “Facebook” səhifəsində bildirib ki, Saro Gevorqyan 2019-cu ildə Dağlıq Qarabağda hərbi xidmətdə olub. “Deməli 2020-ci ildə orada olsaydı, Azərbaycana qarşı vuruşacaqdı”, – deyə o, vurğulayıb.
Bir sözlə, Samirə Əfəndi “öz millətinə milli ruhunun uca olmasını” arzulayan, Dağlıq Qarabağda hərbi xidmət keçən, yəni azərbaycanlılara hər zaman güllə atmağa hazır olan erməniyə 12 bal verməklə “Roma papasından daha artıq katolik” olmaq istəyib. “Eurovision”da alman və fransız casusu olan Mata Haridən mahnı oxuyan Samirədən başqa nə gözləmək olardı ki?! Sadəcə, onun erməni ifaçıya 12 bal verərkən Azərbaycanın adından istifadə etməsi yolverilməzdir. Çünki bu, Azərbaycanın deyil, Samirənin erməniyə verdiyi 12 ballıq paydır.

Ondan fərqli olaraq müğənni Nigar Camal “Eurovision-2011”də qalib gələrkən Avropa səhnəsinə Türkiyənin bayrağı ilə çıxmaqla qardaş ölkədə Azərbaycan bayrağı ilə böhran yaratmağa və iki türk dövləti arasında münasibətləri pozmağa çalışan antitürk qüvvələrinə əsl “bir millət, iki dövlət” prinsipiallığı nümayiş etdirmişdi. Ölkəmizə yaraşan davranış belə olar, Samirə Əfəndi.
Xatirə SADİQ












