SEPAH daha da qəddarlaşa bilər - Regionda yeni təhlükə?

SEPAH daha da qəddarlaşa bilər - Regionda yeni təhlükə?

ABŞ və İran arasında əldə olunan tarixi anlaşma memorandumunun pərdəarxası məqamları qlobal geosiyasi məkanda ciddi müzakirələrə yol açıb. Beynəlxalq analitika mərkəzlərində bu sənədi daha çox Tehranın diplomatik uğuru kimi qiymətləndirənlərin sayı getdikcə artmaqdadır. Hətta bir çox hərbi-siyasi ekspertlər bu anlaşmadan sonra ölkəni faktiki idarə edən SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) rejiminin həm daxildə, həm də xaricdə daha da qəddarlaşacağını proqnozlaşdırırlar.

Genişmiqyaslı hərbi zərbələrdən və qlobal təzyiqlərdən mövcud status-kvonu qoruyaraq çıxması Tehranı daxili məkanda xeyli ruhlandırıb. Məhz bu səbəbdən, İranın həm daxili siyasətdə repressiyaları artıraraq idarəçiliyi sərtləşdirməsi, həm də regional addımlarında aqressiv ritorikasını gücləndirərək qonşu dövlətlərə münasibətdə təhdidləri daha kəskin fazaya daşıması gözlənilən əsas risk ssenarilərindən biridir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, beynəlxalq koalisiyanın Tehrana qarşı həyata keçirdiyi irimiqyaslı əməliyyatların yekun nəticəsi hərbi hədəflərlə siyasi reallıqlar arasında ciddi təzad yaradıb: "Genişmiqyaslı hücum kampaniyasının Tehrandakı mövcud hakimiyyətin süqutuna və gözlənilən rejim dəyişikliyinə səbəb olacağı proqnozlaşdırılırdı. Lakin bu baş vermədi və teokratik rejim bütün təzyiqlərə tab gətirməyi bacardı. Bəli, Tehran bu müharibədə hərbi infrastruktur baxımından kifayət qədər ciddi itkilər verdi, onun hərbi və strateji imkanları, xüsusən də nüvə və raket potensialı əhəmiyyətli dərəcədə məhdudlaşdı. Lakin müharibənin ən əsas siyasi hədəfinə nail olunmadı – İslam Respublikası öz idarəetmə sistemini və hakimiyyətini qoruyub saxladı. Dövlət institutları fəaliyyətini davam etdirdi, daxili siyasi sistem çökmədi. Deməli, ABŞ-ın strateji və mütləq qələbəsindən danışmaq ən azı vaxtından əvvəl atılmış addım olardı".

Onun sözlərinə görə, SEPAH-ın bu prosesdən rejim daxilində "böyük xilaskar" statusu ilə çıxması və qeyri-məhdud iqtidara yiyələnməsi həm İran xalqı, həm də ətraf ölkələr üçün çox təhlükəli bir gələcək vəd edir: "Müharibə təhlükəsinin sovuşması və sanksiyaların mərhələli şəkildə aradan qaldırılması SEPAH-ın daxili siyasi və iqtisadi rıçaqlarını daha da inhisarlaşdıracaq. Bu isə daxildə azadlıq tələb edən xalqa, xüsusən də milli azlıqlara qarşı repressiyaların daha da qəddarlaşması, edamların və həbslərin artması deməkdir. Rejim daxili narazılığı boğmaq üçün total polis dövləti modelini maksimuma çatdıracaq. Regional müstəvidə isə ABŞ ilə anlaşan, lakin hərbi elitası radikallaşan bir İran daxili auditoriyaya 'qalib' obrazı nümayiş etdirmək üçün qonşu ölkələrə, xüsusən də Cənubi Qafqaz və Körfəz regionuna qarşı gizli proksi təhdidlərini və aqressiv kəşfiyyat fəaliyyətini tam gücü ilə davam etdirə bilər. Region ölkələri, o cümlədən Azərbaycan teokratik rejimin bu yeni, daha qapalı və aqressiv fazasına qarşı daxili təhlükəsizlik və müdafiə sistemlərini hər zaman hazır vəziyyətdə saxlamalıdır".

Tunar,
NOCOMMENT.az