Azərbaycanda illərdir insan həyatı üçün ən böyük gizli təhdidlərdən birinə çevrilən və cəmiyyətdə "səssiz qatil" kimi tanınan dəm qazı (karbon-monoksid) faciələri, fəsil dəyişikliyinə baxmayaraq, insan canı almağa davam edir. Payız və qış aylarında kütləvi xarakter alan bu zəhərlənmə halları, havaların isindiyi iyun ayında da qorxulu statistika ilə gündəmi sarsıdır. Sonuncu acınacaqlı hadisə iyunun 7-də paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən mənzillərin birində qeydə alınıb; eyni ailənin üç üzvü – Əbülfəz Əbiyev və onun iki azyaşlı oğlu dəm qazının qurbanı olublar. Ata və kiçik oğul hadisə yerindəcə dünyasını dəyişib, böyük oğul isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Təkcə cari il ərzində Bakı ilə yanaşı Qusar, Qobustan və Naxçıvan bölgələrində baş verən oxşar bədbəxt hadisələr onlarla vətəndaşımızın, xüsusilə körpələrin və bütöv ailələrin məhvinə səbəb olub. Rəsmi qurumların illik hesabatları ölkədə hər il orta hesabla 400-500 civarında ağır zəhərlənmə faktının qeydə alındığını və təqribən 40-66 nəfərin məhz bu səbəbdən həyatını itirdiyini göstərir. Mütəxəssislərin daxili məkanlarda təmiz hava axınının təmin edilməsi, hamam otaqlarında qaz sütunlarının (su qızdırıcılarının) standartlara uyğun quraşdırılması və aspirasiya (havaçıxaran) ventilyasiya borularının işlək vəziyyətdə saxlanılması ilə bağlı mütəmadi xəbərdarlıqlarına rəğmən, qurbanların sayı azalmır. Bu dəhşətli tendensiya təkcə fərdi ehtiyatsızlıq məsələsini deyil, həm də aidiyyəti dövlət strukturlarının nəzarət mexanizmindəki boşluqları kəskin şəkildə gündəmə gətirir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan kommunal xidmətlər üzrə mütəxəssis Rahim Əliyev bildirib ki, dəm qazı zəhərlənmələrinin yay aylarında da davam etməsi ölkədə qaz cihazlarının istismarı və texniki təhlükəsizlik qaydalarına nəzarət sisteminin tamamilə iflic vəziyyətdə olduğunu sübut edir: "Biz hər dəfə faciə baş verəndə günahı yalnız vətəndaşın üzərinə atıb 'ehtiyatsızlıq edib' deməklə məsuliyyətdən qaçırıq.
Bəli, sakinlər hamam otaqlarında havalandırma pəncərəsini bağlayır, plastik qapı qoyur və içəridə oksigen tükənəndə dəm qazı boğulması yaşanır. Lakin sual olunur: bəs həmin standartlara cavab verməyən, qapalı məkanda quraşdırılması qəti qadağan olan o 'titon'ları və Çin istehsalı olan qaz sütunlarını mənzillərə kim buraxır? Qaz təchizatını həyata keçirən qurum və texniki nəzarətə məsul olan orqanlar mütəmadi olaraq mənzillərdə qanunsuz çəkilən xətləri, tüstü bacalarının vəziyyətini yoxlamalıdırlar. Əgər bir mənzildə hamam otağında havalandırma sistemi yoxdursa və ya qaz cihazı normativləri pozursa, ora qazın verilməsi dərhal dayandırılmalıdır. Təəssüf ki, bu rəsmi yoxlamalar yalnız kağız üzərində aparılır və nəticədə Nəsimi rayonundakı kimi bütöv ailələr məhv olur".
Mütəxəssisin sözlərinə görə, bu növ kütləvi ölümlərin qarşısını almağın yeganə yolu inzibati cəza mexanizmlərinin sərtləşdirilməsi və mənzillərdə dəm qazı detektorlarının məcburi şəkildə quraşdırılmasıdır: "Dünya praktikasında bu problemin həlli çox sadədir. Dövlət səviyyəsində xüsusi normativ akt qəbul edilməli və ölkə daxilində qazdan istifadə edən hər bir mənzilə dəm qazını saniyələr içində müəyyən edən xüsusi həyəcan siqnalı (detektor) aparatlarının qoyulması məcburi hala gətirilməlidir. Eyni zamanda, çoxmənzilli binaların tikintisi və istismarı zamanı mərkəzi ventilyasiya şaxtalarının təmizlənməsi bələdiyyə və ya mənzil-kommunal istismar sahələrinin rəsmi öhdəliyinə verilməlidir. Vətəndaş dərk etməlidir ki, dəm qazı qoxusuz və rəngsiz olduğu üçün onu hiss etmək qeyri-mümkündür, insan sadəcə yuxuya gedir və bir daha oyanmır. Maarifləndirmə artıq effekt vermir, çünki insanlarımız problemi özlərinə uzaq görürlər. Əgər aidiyyəti qurumlar reydləri gücləndirməsə, standart xarici qızdırıcıların satışına ciddi gömrük və daxili bazar qadağaları tətbiq olunmasa və qanunsuz texniki quraşdırmaya görə həm ustalar, həm də ev sahibləri ağır cərimələnməsə, biz yay aylarında da bu 'səssiz qətliam'ın dəhşətli xəbərlərini eşitməkdə davam edəcəyik".
Tunar,












