Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə 13 iyul 2026-cı il tarixində Azərbaycana rəsmi səfərə gələcək.

NOCOMMENT.az xəbər verir ki, Prezident Pelleqrinini bu səfərdə yüksək səviyyəli dövlət rəsmilərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Heyətin tərkibinə aşağıdakı şəxslər daxildir:

Robert Kalinyak – Baş nazirin müavini və müdafiə naziri;

Denisa Sakova – Baş nazirin müavini və iqtisadiyyat naziri;

Matuş Şutay Eştok – Daxili işlər naziri;

Peter Kajimir – Slovakiya Milli Bankının rəhbəri.

Səfər çərçivəsində tərəflər arasında enerji sektoru, sənaye, texnoloji əməkdaşlıq, nəqliyyat əlaqələri və ticarət dövriyyəsinin genişləndirilməsi kimi strateji əhəmiyyətli məsələlərin müzakirəsi gözlənilir.

Səfərin mühüm bir hissəsi kimi, Peter Pelleqrininin Ağdam rayonuna səfəri planlaşdırılır.

Proqrama əsasən, Slovakiya Prezidenti Ağdamın Baş Qərvənd kəndindəki "Ağıllı kənd" layihəsi ilə tanış olacaq, general Milan Rastislav Ştefanik adına yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcək.

15 iyul tarixində Bakıda keçiriləcək görüşlərdə Slovakiya Prezidenti Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə bir araya gələcək.

Həmçinin, səfər çərçivəsində Azərbaycan və Slovakiya arasında Biznes Forumun keçirilməsi və iki ölkənin işgüzar dairələri arasında yeni əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur.

Qeyd edək ki, bu səfər 2025-ci ilin dekabrında Azərbaycan Prezidentinin Slovakiyaya etdiyi tarixi rəsmi səfərin siyasi dialoqun davamı olaraq qiymətləndirilir.